Satqın və xəyanətkar elə Cəmil Həsənlinin özüdür

Satqın və xəyanətkar elə Cəmil Həsənlinin özüdür

Seçkilər yaxınlaşdıqca, müxalifət düşərgəsinin aqressivliyi daha da artır və "Milli Şura"nın sədri Cəmil Həsənlinin timsalında radikallar yersiz və əsassız ittihamlarla gündəmə gəlməyə çalışırlar. "Milli Şura" sədri özünü bir siyasətçi, tarixçi kimi qələmə verməyə və hadisələri qiymətləndirməyə cəhd edirsə də, əksinə, siyasi müstəvidə naşı olduğunu bir daha nümayiş etdirir.

"Şura" sədri indi də prezidentliyə namizədlərin hamısını hakimiyyətin adamı, adlandırır. Belə məlum olur ki, öz sırlarında təmsil olunmayanlar əqidəsindən asılı olmayaraq, onun gözündə satqın görünür. Namizədlərin hər birini xəyanətkar kimi xarakterizə etməyə çalışan C.Həsənli, onları iqtidara xidmət etməkdə, riyakarlıqda ittiham edir. Hakimiyyəti isə, həmişə olduğu kimi, arqumentsiz və əsassız olaraq, insan hüquqlarını pozmaqda və diktatura rejimi qurmaqda günahlandırır.

Əslində, "Milli Şura" sədri kimi tanıdığımız bu adam səlahiyyəti olmayanın biri, AXCP sədri Əli Kərimlinin sözçüsü rolunda çıxış edən fiqur olduğu ictimaiyyət üçün gizli deyil. Qondarma "şura"nın qondarma sədrinin mahiyyətini xarakterizə etdikdə, çox məqamlara rast gəlmək olar və bu məqamlar onun əsl simasını ortaya qoyur. Kimdir bu C.Həsənli və nə vaxtdan siyasət adamı olub? Nə vaxtdan politoloq kimi siyasi səhnədə fəaliyyət göstərir və bu sədrin fəaliyyətində hansı çalarlar, onu digərlərindən fərqləndirir? Yaxud onun müxalifət adından danışmağa, siyasətçi kimi rəy verməyə və qiymətləndirməyə nə dərəcədə haqqı çatır?

Dublyor aktyor seçilən Cəmil Həsənli bu rola alışdığından, özünü az qala siyasi xadim hesab edir

Cəmil Həsənli heç vaxt siyasətçi kimi qəbul edilməyib. Yalnız 2005-ci ildə partiyanın qərarına tabe olmayıb, parlamentdə oturduğuna görə, partiyadan qovulan orta statistik tarixçi-alim kimi yadda qalıb. 2013-cü ildə "Milli Şura"nın sədrliyinə onun namizədliyi verilərkən, Azərbaycanın siyasi arenasında Cəmil Həsənlinin adını tanıyan yox idi. Müsavat, AXCP və "Milli Şura" onu siyasətə gətirdiyi zaman bu ad ortaya çıxdı və C.Həsənli də öz üzərinə öhdəlik götürdü ki, seçiləcəyi təqdirdə, 2 il müddətinə parlament seçkiləri keçirəcək və daha sonra prezidentlikdən istefa verəcək. Hətta siyasətdən birdəfəlik gedəcəyinə də söz verən Həsənlinin bu sözünü də öhdəlik hesab etmək olar. "Milli Şura"nın sədri postuna siyasətçi kimi deyil, Rüstəm İbrahimbəyovun dublyor aktyoru kimi seçilən C.Həsənli bu rola elə alışdı ki, artıq özünü az qala böyük siyasi xadim hesab etməyə başladı. "Şura" sədrinin eyforiyasını hardasa başa düşmək olar və Əli Kərimlinin atmosferinə, tabeçiliyinə düşdüyü üçün, hərdən elə bilir ki, kiməsə müxalifət lisenziyası belə verə bilər, yaxud kimi gəldi xəyanətkarlıqda ittiham edə bilər. Amma reallıq bundan ibarətdir ki, onun fikri, hətta müxalifətdə təmsil olunanlar arasında belə heç kim üçün önəmli deyil və nə düşündüyünə, hadisələri necə qiymətləndirdiyinə məhəl qoyan yoxdur.

C.Həsənli əgər nə vaxtsa iki ingilis və bir amerikalı ilə görüşübsə, bu, o demək deyil ki, bütün dünyanın nəzəri onun üzərindədir. Kimlərinsə, yəni əcnəbilərin buyruq qulu ola bilər, tapşırıqlarını mütiliklə yerinə yetirə bilər, amma bu, onun nüfuzuna, söz sahibi və siyasətçi olmasına qəti dəlalət etmir. Bəzən vasitəçi, bəzən isə Kərimlinin poçtalyonu rolunda səfərə yollanan "şura" sədri kiminsə maraqlarına xidmət edərkən, özünü siyasi xadim və diplomat hesab edirsə, bərk yanılır. Uzaqbaşı buyruq qulu, marionet təsiri bağışlayan bu adamın siyasi kimliyi elə bu əl buyruqçuluğu çərçivəsindən kənara çıxası deyil.

Namizədlər "şura" sədrinin özünü mövqesizlikdə, satqınçılıqda və hətta ikiüzlülükdə ittiham edə bilər

Görünən kəndə bələdçi lazım deyil və istər Cəmil Həsənlinin, istər Əli Kərimlinin kimliyini tanımayan, istərsə də "Milli Şura"nın nə olduğunu bilməyən yoxdur. "Şura" sədri, əslində, tarixçidir və bu baxımdan, arxivlərdən tarixi faktları toplayıb bir kitab kimi çap edə bilərsə də, siyasi səhnəni analiz etmək iqtidarında deyil. Eyni zamanda, onun situasiyanı dəyərləndirmək, vəziyyətə uyğun addımları müəyyənləşdirmək, yeni fikirlər demək, təkliflərlə çıxış etmək qabiliyyətindən söhbət belə gedə bilməz. Bu mənada, Həsənlinin debatlar, namizədlər barədə dediklərinə məhəl qoyan yoxdur və fikirləri kiminsə diqqətini belə cəlb edəsi də deyil.

C.Həsənli deputat olduğu dönəmdə də eyni iqtidar və eyni Mərkəzi Seçki Komissiyası idi, indi də eynidir. Amma bu gün seçkiyə gedənləri sədr satqın adlandırır. 2000-2010-cu illərdə C.Həsənli deputat olub, indi isə seçkiyə qatılanları ittiham edir. Xronoloji ardıcıllıq sübut edir ki, "şura" sədrinin mövqeyində heç bir tutarlı arqument, məntiq belə yoxdur. Əgər ittiham etmək gərəkirsə, hamı yekdilliklə C.Həsənlini ittiham edə, onun özünü mövqesizlikdə, satqınçılıqda, hətta ikiüzlülükdə də günahlandıra bilər. "Şura" sədrinin ittiham etdiyi namizədlər hamısı bir nəfər kimi Həsənliyə onun fəaliyyətini, hakimiyyətin kölgəsində dolandığı, dönə-dönə təriflər yağdırdığı günlərini xatırlada bilər və ittihamlarının yalnız özünə şamil olunduğunu sübut edə bilərlər. Doğrudan da, satqın və xəyanətkar elə Cəmil Həsənlinin özüdür.

Radikalların prezident seçkisi ilə əlaqədar mövqeyi aqressiv olmaqla yanaşı, münasibəti də yanlış, əsassız və məntiqsizdir. İndidən başa düşdükləri, qəbul etdikləri məğlubiyyətə don geyindirmək üçün müxtəlif bəhanələr uydurmaq, qaçılmaz məğlubiyyəti sığortalamaq üçün cürbəcür vasitələrə əl atmaq köhnə adətləridir. Lakin bu ənənələr daim məntiqsiz yanaşma ilə xarakterizə oluna bilər. Belə ki, 2008-ci ildə seçkiləri boykot edənlərin 2013-cü ildə seçkiyə qatılması, yenidən 2018-ci ildə boykot etmək ciddi-cəhdləri məntiqsizliyi təsdiq edir. Çünki eyni şərtlərlə keçirilən prosesdə gah iştirak edir, gah da boykot edirlərsə, buna başqa nə ad vermək olar? Bu məntiqsiz yanaşma təkcə Həsənliyə deyil, bütün boykot qərarı verənlərə şamil olunur. Əgər seçki həmin seçki, onu keçirən də həmin qurumdursa, müxalifət də bu seçkiyə gah qatılır, gah da boykot bəhanəsi ilə qatılmaqdan boyun qaçırırsa, deməli, problemi özlərində axtarmalı, özlərinin sağlam düşüncə sahibi olmadıqlarını və sağlam rəqabət aparmadıqlarını etiraf etməlidirlər.

İnam HACIYEV

Bütün xəbərlər Facebook səhifəmizdə