Prezident İlham Əliyev: "Azərbaycan xalqı bu fəlakət qarşısında bir daha gücünü, məharətini, peşəkarlığını göstərdi"

Prezident İlham Əliyev: "Azərbaycan xalqı bu fəlakət qarşısında bir daha gücünü, məharətini, peşəkarlığını göstərdi"

"Azərbaycan dövləti ilk növbədə, insanların təhlükəsizliyini təmin etmək üçün səylərini göstərmişdir və əlbəttə, xilasetmə işləri yüksək səviyyədə aparıldı". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonunun Mürsəlli kənd orta məktəbinin açılışındakı çıxışı zamanı Kür və Araz çaylarının daşması nəticəsində baş verən təbii fəlakətdən bəhs edərkən dilə gətirib.

Dövlət başçısı qeyd edib ki, bu il biz misli görünməmiş təbii fəlakətlə üzləşmişdik: "Yaxın tarixdə belə bir hadisə olmamışdır. Əlbəttə ki, bu təbii fəlakət bütün imkanlarımızın səfərbər olunmasını tələb edirdi. Mən çox məmnunam ki, bütün qurumlar çox operativ, çox səmərəli işlədilər. İlk növbədə, xilasedicilər böyük peşəkarlıq göstərmiş və insanları vaxtında təhlükəsiz yerlərə köçürmüşlər. O yerlərdə müvəqqəti yaşamaq üçün şərait yaradıldı, ərzaqla təmin olunma, təhsillə bağlı məsələlər həllini tapdı. Hər bir müvəqqəti məskunlaşma yerində tibbi məntəqələr təşkil olundu. Yəni, Bir dənə də itki, zərərçəkən olmamışdır.

O ki qaldı, dağılmış evlərə, uçmuş binalara, Azərbaycan güclü dövlətdir və biz öz gücümüzə arxalanaraq bütün bu təmir-tikinti işlərini apardıq. Bu gün, bir neçə ay keçəndən sonra artıq evlərin böyük əksəriyyətinin tikintisi reallaşıbdır. Üç min beş yüz ev ya uçmuşdur, ya da qəzalı vəziyyətə düşmüşdür. Artıq ölkə üzrə təxminən 1500 ev tikilibdir. Sabirabad rayonunda inşası gözlənilən evlərin 77 faizi artıq tikilibdir. Təkcə evlər deyil, məktəblər, məscidlər, tibb məntəqələri, sosial obyektlər böyük vəsait tələb edən məsələlərdir. Eyni zamanda, biz bunu qısa müddət ərzində etməli idik ki, qış gələnə qədər bütün bu işlərin böyük əksəriyyəti öz həllini tapsın".

Bu gün artıq görülən işlər bir daha onu göstərir ki, Azərbaycan ilk növbədə güclü, böyük maliyyə imkanlarına malik olan dövlətdir deyən Prezident vurğulayıb ki, Azərbaycanda sosial siyasət bizim üçün prioritet məna daşıyır: "Bu il dünyanın müxtəlif yerlərində, başqa qitələrdə, Avropa ölkələrində təbii fəlakətlər - yanğınlar, sellər, daşqınlar geniş vüsət almışdır. Biz televiziya vasitəsilə görürdük ki, əksər hallarda bütün bu fəlakətlər böyük itkilərlə, insan itkiləri ilə müşayiət olunurdu. Mən qeyd etdiyim kimi, biz Azərbaycanda bütün qüvvələri səfərbər edib insan itkisinə yol vermədik. Digər tərəfdən, Avropa ölkələrində bütün təmir-bərpa işləri, onun maliyyə dəstəyi sığorta şirkətləri tərəfindən həyata keçirilir. Azərbaycanda hələ bu praktika tətbiq olunmur və burada uçmuş evlərin 70 faizi çiy kərpicdən tikilmişdi, keyfiyyətsiz evlər idi. Azərbaycan dövləti bütün bu yükü öz üzərinə götürdü. Dərhal qərar qəbul edildi, büdcəyə dəyişiklik edildi, 300 milyon manat əlavə olundu ki, biz bütün bu işləri tezliklə görək. Artıq bir neçə ay ərzində gedən tikinti-quruculuq işləri göstərir ki, biz bu işin öhdəsindən gələ bilmişik. Bütün bu təmir və bərpa işlərini öz gücümüzə arxalanaraq, heç bir xarici yardım almadan, tezliklə və keyfiyyətlə görə bilmişik. Bu, bir daha onu göstərir ki, qarşımızda duran bütün vəzifələr layiqincə yerinə yetirilir. Bir də onu göstərir ki, istənilən təbii fəlakət qarşısında Azərbaycan dövləti və Azərbaycan vətəndaşları bütün qüvvələri səfərbər edib öz dəyanətlərini göstərə bilirlər. Biz bütün bu işləri qısa müddət ərzində gördük və əminəm ki, bax burada, bu evlərdə insanlar rahat yaşayacaqlar. Onların yaşayış səviyyəsi daha da yaxşılaşdı və əvvəlki dövrlə müqayisəedilməz dərəcədə işlər görüldü".

"Təkcə Sabirabadda deyil, seldən, daşqınlardan əziyyət çəkmiş bütün başqa bölgələrdə bu gün geniş tikinti işləri gedir. Əslində bu bölgələr tikinti meydançasına çevrilibdir. Azərbaycanın bütün bölgələrində bu işlər gedir. O günlər bir daha göstərdi ki, Azərbaycan xalqı nəyə qadirdir. Təkcə texniki imkanlardan, maliyyə vəsaitindən söhbət getmir. Əgər güclü iqtisadiyyatımız olmasaydı, əvvəlki illərdə bu güclü potensialı yaratmasaydıq, biz bu işin öhdəsindən çətin gələ bilərdik. Ancaq bununla bərabər, o çətin günlər göstərdi ki, Azərbaycan xalqı çox işlərə qadirdir və bütün xalq səfərbər olunmuşdu. Sahilbərkitmə işlərinin aparılması üçün Bakıdan, başqa yerlərdən maşın karvanı ilə böyük daşlar, qayalar gətirilirdi. Ancaq o fəlakətin qabağında bəzi hallarda biz gücsüz idik. Çünki sular, sellər bütün bəndləri dağıdırdı, göllər daşırdı. O vaxt qarşımızda ancaq və ancaq insanları xilas etmək, bununla bərabər, sahilbərkitmə işlərini görmək məsələsi dayanmışdı. Bu gün xarici mütəxəssislər tərəfindən hazırlanmış təqdimat barədə mənə məlumat verildi. Biz göstəriş vermişdik ki, fəaliyyətimizi xarici mütəxəssislərlə bərabər görüləcək işlər əsasında quraq. Elə edək ki, gələcəkdə özümüzü bu bəladan birdəfəlik sığortalayaq. Bu gün görülən işlər artıq onu göstərir ki, biz düzgün istiqamətdə addımlayırıq. Xaricdən dəvət olunmuş mütəxəssislər bizim üçün böyük bir inkişaf planı hazırlayırlar. Onun əsasında bütün işlər öz həllini tapacaqdır. Sahilbərkitmə, bəndbərkitmə işləri, suların idarə olunması və tənzimlənməsi, su anbarlarının fəaliyyəti, çayların lildən təmizlənməsi, yəni, bütün bu kompleks tədbirlər görüləcək ki, gələcək illərdə özümüzü bu bəladan xilas edə bilək.

Ancaq bir də demək istəyirəm ki, bu ilin yaz ayları bizim üçün nə qədər çətin olsa da, o qədər də şərəfli idi. Çünki son illər ərzində Azərbaycanın hər bir yerində biz ancaq tikinti-quruculuq, abadlıq, inkişaf görürük. Azərbaycan vətəndaşları ildən-ilə daha da yaxşı yaşayırlar, maaşlar, pensiyalar mütəmadi qaydada qaldırılır. Bütün şəhərlər, rayonlar abadlaşır, yollar salınır, müəssisələr tikilir – yəni, bu illərdə biz bunu görürdük. Allah bizi bu bəladan qoruyurdu. Ancaq nə edək ki, təbiət qarşısında bəzən insanlar aciz olurlar. Ancaq Azərbaycan xalqı bu fəlakət qarşısında bir daha gücünü, məharətini, peşəkarlığını göstərdi.", Prezident İlham Əliyev deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə