ABŞ-ın simvolu olan Azadlıq heykəlini osmanlılar düzəldib - TARİXİ FAKT
Azadlıq adası üzərində yüksələn Azadlıq heykəli (rəsmən "dünyanı işıqlandıran azadlıq" - SİA) ABŞ-ın simvollarından biridir. 1886-cı ildə fransız xalqı tərəfindən yaranmasının 100-cü ildönümü münasibətilə (10 il geciksə də) ABŞ-a hədiyyə edilən heykəl əlində məşəl daşıyan bir qadını təsvir edir və tuncdandır. Qadının başında 7 qitəni və ya 7 dənizi işarələyən 7 tikanlı tac vardır. Sol əlində isə üzərində ABŞ-ın İstiqlaliyyət Bəyannaməsi vardır. Heykəltəraşı Frederiku Oqyustu Bartoldi, memarı isə Riçard Morris Xantdır. YUNESKO-nun Ümumdünya İrsi siyahısındadır. Heykəlin hündürlüyü (pyedestalsız) 46 metrdir. Pyedestalında şairə Emma Lazarusun "Yeni nəhəng" sonetindən bir neçə sətir vurulub. 1924-cü il oktyabrın 15-də heykəl milli abidə elan edilib.
Bütün bunlar isə heykəllə bağlı olan və hamının qəbul etdiyi məlumatlardır. Bütün dünyanın ABŞ-a aid olduğunu zənn etdiyi Azadlıq heykəlinin əslində Osmanlı dövlətinin pulu və göstərişi ilə hazırlandığını bilirdinizmi?
SİA-nın məlumatına görə, Türkiyənin "Sabah" qəzeti əslində hamı tərəfindən qəbul edilənlərin düzgün olmadığını yazıb. "Budur heykəlin Osmanlı torpaqlarından Nyu-Yorka uzanan hekayəsi" sözlərinin yer aldığı yazıda qeyd olunanları diqqətinizə çatdırırıq. 30 Noyabr 1854-cü il. Sultan Əbdülməcidin hakimiyyəti dövrü. Misir daxili siyasətində müstəqil, xarici siyasətində isə Osmanlı sultanına tabe olan bir əyalətdir. O dövrdə Misir valisi olan Səid Paşa Qırmızı və Aralıq dənizlərini bir-birinə bağlayacaq Süveyş kanalı layihəsini hazırlayıb təsdiqləməsi üçün sultan Əbdülməcidə təqdim edir. Fransa tərəfindən dəstəklənilən Səid Paşanın Süveyş kanalı layihəsinin qarşısında İngiltərə bir maneə olaraq dayanırdı. Osmanlının maliyyə gücü ilə yanaşı dənizlərdəki gücünün də artmasını təmin edəcək bu kanal ingilislərin Aralıq dənizi və Hindistandakı hakimiyyətini də sona çatdıra bilərdi. Bunun fərqində olan İngiltərə sultan Əbdülməcidə layihəni rədd etməsi üçün təzyiq göstərirdi. Səid Paşa da buna görə, sultan Əbdülməcidin təsdiqini gözləmədi. Səid Paşa Əbdülməcidin cavabının gecikdiyini görərək layihənin həyata keçirilməsi üçün şirkətin yaradılmasını əmr edib.
30 Noyabr tarixində isə fransız mühəndisə lazım olan icazəni verib. Fransız sərmayəsi ilə yaradılan şirkətin səhmlərin hamısının satıldığını görən İngiltərə Osmanlıya təzyiqlərini daha da artırdı. Sultan Əbdülməcid vəfat edən vaxt da layihə təsdiq edilməmişdi. Bununla belə layihənin həyata keçirilməsi işi zəif də olsa Səid Paşa tərəfindən həyata keçirilirdi. İki il sonra Səid Paşa da qəflətən öldü, onun yerinə keçən İsmayıl Paşa isə İngiltərə tərəfdarı idi. Lakin o bu kanalın Misir üçün həyati əhəmiyyətini anlayaraq işi sürətləndirdi.
Sultan Əbdülməcidin yerinə keçən sultan Əbdüləzizə də İngiltərənin təzyiqləri davam etdi. Ancaq sultan Əbdüləziz dənizçiliyə böyük önəm verdiyi üçün layihəni dərhal təsdiq etdi. O, bununla da kifayətlənməyərək Misirin kanalın tikintisi üçün aldığı xarici borcları dövlət zəmanətinə götürərək kanalı tikəcək şirkətə də böyük pullar ayırdı.
Səid Paşa ilə kanalın mühəndisi Ferdinand da Lesseps arasında 1854-cü ildə əldə olunan razılaşmada Süveyş kanalının Aralıq dənizinə açılan sahillərində olan Port Səid şəhərinin limanına nəhəng bir qadın heykəlinin ucaldılması da nəzərdə tutulurdu. Bu heykəl həm Osmanlını, həm Misiri təmsil edəcəkdi. Fironlar dövrünə aid paltarları geymiş qadın heykəlinin başında 7 iqlimin padşahı olan Osmanlı sultanını təmsil edən 7 qitə və 7 dənizi işarələyən 7 iti uclu bir tac olmalı idi. Heykəlin əlində bir məşəl olacaqdı. Sultan Əbdüləziz heykəlin üzünün qərbə tərəf olmasını istəyib. Çünki, sultan heykəlin əlindəki işığı şərqdən qərbə apardığını, işığın, mədəniyyətin, sivilizasiyanın, şərqdən yüksəlib qərbi işıqlandırdığını göstərmək istəyirdi.
Pulu şəxsən sultan tərəfindən ödənilən heykəlin sifarişi Fransanın məşhur heykəltəraşlarından biri Frederiku Oqyustu Bartoldiyə verildi. Heykələ "Singer" tikiş maşınlarının yaradıcısı İsak Singerin dul həyat yoldaşı İsabelle Boyer modellik edib. Frederiku Bartoldi heykəlin mis və poladdan ibarət olan skeletini Parisdə Eyfel qülləsini tikən Qustave Eyffel ilə birlikdə tamamlayıb. Heykəl tamamlandı, amma qoyulduğu yer Misir olmadı. Səid Paşanın sifariş verdiyi, pulu Osmanlı xəzinəsindən çıxan bu heykəli yeni qubernator İsmayıl Paşa müsəlman bir ölkədə qadın heykəli ilə bağlı narahatlıq yaranacağından qorxaraq bunu istəməyib. "Asiyanın işığı" İsmayıl Paşanın bu qərarından sonra Fransadakı bir anbarda aqibətini gözləməyə başladı.
Həmin illər ABŞ ilə Fransanın dostluq illəri idi. Qarşılıqlı hədiyyələşmələrdən sonra Fransa-ABŞ dostluq qrupunun başçısı Eduard Renedən Fransa hökumətinə "ABŞ-a bir heykəl hədiyyə edilsin" təklifi gəldi. Fransa hökuməti bu heykəl üçün Frederiku Bartoldiyə tapşırıq verdi. Bartoldinin əsəri isə hazır idi. Fransa hökumətindən gələn təlimata görə heykəl sol əlində bir kitab tutacaq, sağ əlində isə "dünyanı işıqlandıran azadlığın simvolu bir məşəl" olacaqdı. Yəni, Fransa tərəfindən sifariş verilən heykəl, Misir üçün hazırlanan heykəlin eynisi idi. Bartoldi heykəlin üzünü tamamilə dəyişdirərək anası Çarlottenin üzünü işlədi. Heykəltəraş heykəli 350 hissəyə bölərək, "İsere" adlı bir fransız gəmisi ilə Azadlıq adasına yola saldı.
Heykəlin daha kiçik ölçüləri ilə bir surəti Parisdədir və Atlantik okeanına baxır. Dünyanın başqa yerlərində də (Osaka, Priştina, Pekin, Nevada, Cənubi Dakota, Bordo) olanlar əsas heykəlin surətləridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB