Əli Həsənov: “Düşünürük ki, dünən imzalanan bəyannamədən sonra Mübariz İbrahimovun meyitinin qaytarılması məsələsi öz həllini tapacaq” - AÇIQLAMA
Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının görüşünün müsbət yekunu kimi imzalanan Bəyannamə hərbi əsirlərin və Dağlıq Qarabağ müharibəsi nəticəsində həlak olanların meyitlərinin qaytarılması haqqında məsələyə aydınlıq gətirib. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. Onun sözlərinə görə, dünən imzalanan bəyannamədən sonra Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun meyitinin qaytarılması məsələsi öz həllini tapacaq: "Dünən Həştərxanda keçirilən görüşün müsbət nəticəsi olaraq iki ölkə başçıları müştərək bəyannamə imzalayıb və bu, hərbi əsirlərin və müharibə nəticəsində həlak olmuş meyitlərinin qaytarılmasına bir aydınlıq gətirib. Uzun müddətdir ki, bu məsələ Azərbaycan xalqını narahat edirdi. Xüsusən də Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin qaytarılması ilə bağlı Azərbaycan dövləti neçə vaxtdır ki, beynəlxalq təşkilatlarla bərabər fəal iş aparır. Düşünürük ki, dünən imzalanan bəyannamədən sonra bu məsələ öz həllini tapacaq".
Əli Həsənovun fikrincə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün istənilən formatdan istifadə olunmalı, istənilən təklif müzakirə edilməlidir: "ATƏT-in Minsk Qrupu həmsədrlərinin formatındakı danışıqlarla bərabər birbaşa danışıqları, o cümlədən Rusiya prezidentinin iştirakı ilə keçirilən danışıqları yüksək dəyərləndiririk. Dağlıq Qarabağ münaqişəsinin həllində istənilən vasitədən, istənilən formadan və formatdan istifadə edilməlidir".
Eyni zamanda Əli Həsənov son zamanlar Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı barəsində müxalifət fraksiyası tərəfindən verilən bəyanatlara da münasibət bildirib: "Ermənistan parlamenti Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı və yaxud Dağlıq Qarabağın Ermənistana birləşdiriləcəyi ilə bağlı qanun layihəsi qəbul edəcəksə, bir daha göstərəcək ki, Dağlıq Qarabağ münaqişəsi qətiyyən etnik, separatçı rejimin işi deyil, bu münaqişənin tərəfi olaraq Ermənistan hökuməti çıxış edir. Belə olacağı halda, Azərbaycan bu faktdan beynəlxalq aləmdə çıxış edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB