Erməni parlamenti Dağlıq Qarabağın tanınmasını müzakirə edəcək

Erməni parlamenti Dağlıq Qarabağın tanınmasını müzakirə edəcək

"Əgər prezident Həştərxanda keçiriləcək üçtərəfli görüşdən sonra Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını parlamentə təklif edərsə, burada heç bir problem olmayacaq". SİA-nın "news.am" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan parlamentinin sədri Hovik Abrahamyan jurnalistlərə açıqlamasında bildirib.

 

O, vurğulayıb ki, Ermənistanın hakim dairələri "İrs" Partiyası tərəfindən parlamentə təqdim olunan qərar layihəsinin əleyhinədir. Spiker Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını nəzərdə tutan bu layihənin qəbulunun ATƏT-in Minsk qrupu çərçivəsində aparılan tənzimləmə prosesinə zərər verəcəyini qeyd edib: "Heç kəs fikirləşməsin ki, parlament sədri, xarici işlər naziri və ya parlament koalisiyası Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını istəmir. Biz sadəcə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarla toqquşmaq istəmirik".

 

Qərar layihəsinin parlamentin dörd günlük sessiyası müddətində səsverməyə çıxarılacağı ilə bağlı söz verdiyini xatırladan parlament sədri vurğulayıb ki, layihə yalnız müəlliflərin razılığı ilə gündəlikdən çıxardıla bilər: "Mən "İrs" Partiyasının üzvlərinə təklif etdim ki, layihəni təqdim etməzdən əvvəl parlamentdəki digər partiyalarla məsləhətləşmələr aparsınlar. Ancaq onlar mənə qulaq asmadılar. Onların təşəbbüslərini müzakirə etmək və ağıllı qərar vermək üçün "İrs" Partiyasının üzvlərini müzakirələrə dəvət etməyə hazırlaşıram. Hər halda siyasi vəziyyət erməni parlamenti tərəfindən Dağlıq Qarabağın tanınmasını tələb edərsə, vaxtından əvvəl bu məsələ müzakirə oluna bilər".

 

H.Abrahamyan qanun layihəsinin 27, ya da 28 Oktyabrda səsverməyə çıxarılacağını diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə