Azərbaycannın gənclər və idman naziri Azad Rəhimov Meksikada bir sıra görüşlər keçirib

Azərbaycannın gənclər və idman naziri Azad Rəhimov Meksikada bir sıra görüşlər keçirib

Cari ilin 19-25 oktyabr tarixlərində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Meksikanın Akapulko şəhərində keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının XVII Assambleyasında iştirak etmək üçün Meksikada səfərdə olublar. Assambleyanın açılışında Meksika prezidenti Felipe Kalderon İnoxosa iştirak edib. Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən SİA-ya verilən xəbərə görə, tədbir çərçivəsində əsasən, Rusiyanın Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunları, 2012 və 2016-cı illərdə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilati məsələləri, o cümlədən cari ildə Sinqapurda keçirilmiş Gənclərin Yay Olimpiya Oyunlarına dair hesabat dinlənilib və 2018-ci ildə keçiriləcək növbəti Qış Olimpiya Oyunlarının təşkilati məsələləri və irəli sürülmüş namizədliklər (Almaniya – Münxen, Fransa – Ansi, Pheçhan – Cənubi Koreya) nəzərdən keçirilib.

 

Assambleyanın toplantıları zamanı, həmçinin qadın idmanının inkişafı və qadın idmançıların inzibati vəzifələrə cəlb edilməsi kimi məsələlər müzakirə edilib. Qeyd etmək lazımdır ki, Milli Olimpiya Komitələrinin Assambleyasında, ilk dəfə olaraq beynəlxalq gənclər siyasəti və milli idman sahələrinin inkişafına təkan vermək məqsədi ilə Nazirliklər və Beynəlxalq Olimpiya Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Azərbaycanın Gənclər və İdman Naziri A.Rəhimov Assambleya çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Jak Roq, Olimpiya Oyunlarının Direktoru Cilbert Felli, o cümlədən Əlcəzair və Səudiyyə Ərəbistanı Krallığının Gənclər və İdman Nazirləri ilə ikitərəfli görüşlər keçirib. Aparılan müzakirələr zamanı, idman və gənclər siyasəti sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair qarşılıqlı maraq kəsb edən məsələlər nəzərdən keçirilib.

 

Assambleya çərçivəsində Rusiyanın Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovun təşəbbüsü ilə MDB və Baltik ölkələrinin Milli Olimpiya Komitələri rəhbərlərinin iştirakı ilə toplantı keçirilib. Toplantı zamanı, idman sahəsində əməkdaşlıq və MDB və Baltika ölkələri çərçivəsində müvafiq koordinasiya orqanının bərpa edilməsi məsələləri müzakirə edilib.

 

Nazir A.Rəhimov, eyni zamanda oktyabr ayının 25-də Mexiko şəhərində Meksikanın Bədən Tərbiyəsi və İdman Komitəsinin Baş Direktoru Bernardo de La Garza ilə görüşüb. Görüş zamanı, ölkələrimiz arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlıq perspektivləri, qarşılıqlı tələbə mübadiləsi, dostluq yarışlarının, həmçinin müxtəlif idman növləri üzrə milli yığma komandaların birgə məşq toplantılarının təşkili kimi məsələlər müzakirə edilib.

 

Azərbaycanın dünya miqyasında idman ölkəsi kimi tanındığı və bir sıra idman növlərinin xüsusən inkişaf etdiyini vurğulayan Nazir A.Rəhimov, əsasən milli idman növü sayılan güləş, o cümlədən boks, dzüdo sahələrində Azərbaycan idmançılarının uğurlarını qeyd edib və ölkəmizin bu istiqamətdə Meksika ilə təcrübə mübadiləsi və əməkdaşlığa hazır olduğunu bildirib.

 

Tərəflər, idman və gənclər siyasəti sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə anlaşma memorandumun imzalanması üçün müvafiq danışıqların başlanmasını məqsədəuyğun hesab ediblər.

 

Görüşdə, həmçinin Azərbaycanın Meksikadakı Səfiri İlqar Muxtarov da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə