YAP Yasamal rayon təşkilatında Tağı Əhmədovun 70 illik yubileyi keçirildi
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında təşkilatın sədri, Azərbaycan Respublikasının Əməkdar mühəndisi, "Şöhrət" ordenli Tağı Əhmədovun 70 illik yubileyi keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədrləri, Yasamal rayonunun tanınmış ziyalıları, elm adamları, əmək və partiya veteranları, gənc fəallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin (BDU) rektoru, professor Abel Məhərrəmov qeyd edib ki, Tağı Əhmədov adı bu gün hər bir azərbaycanlı üçün əziz və dəyərlidir. Belə ki, bu böyük qəlbli insan bütün dövrlərdə öz xeyirxahlığı, əməksevərliyi və məsuliyyəti ilə tanınıb, sevilib. Bu gün onu tanıyan hər bir kəs gözəl atalıq və ailə nümunəsi görür və örnək götürür. Eyni zamanda, Tağı Əhmədovun Yasamal rayonunda elmin və maarifləndirmənin istiqamətində gördüyü işlər ətrafında fikir bildirildi. Qeyd olunub ki, bu gün Tağı Əhmədov eyni zamanda BDU-da kafedraya rəhbərlik edərək, gənc nəslin yetişməsində töhfələrini verməkdədir.
Sonra böyük monitorda Tağı Əhmədovun keçdiyi həyat yollarını əks etdirən fotoların görüntüləri tədbir iştirakçılarına göstərilib.
Çıxış edən BDU-nun ilahiyyat fakültəsinin dekanı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü akademik Vasim Məmmədəliyev bildirib ki, Tağı Əhmədov öz nümunəvi keyfiyyətləri ilə hər kəsin ürəyində özəl yer tutmuş, o cümlədən, nəhəng dünya görüşünə malik olan bir şəxsiyyətdir. Vasim Məmmədəliyev Tağı Əhmədovun yalnız siyasi-ictimai sahədə deyil, həm də yaradıcılıq potensialına görə seçilən insanlardandır və bu gün də o yorulmadan hər bir işin öhdəsindən layiqincə gəlməkdədir.
Həmçinin bildirilib ki, Tağı Əhmədov yaradıcılığı da bu gün onu tanıyanlara xüsusi ovqat bəxş edir. Belə ki, onun Tağı Sadiq təxəllüsü ilə yazdığı şeirləri və çapa çıxarılmış dörd kitabı insanların könüllərini oxşayır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova da yubilyar haqqında xoş sözlər deyərək, Tağı Əhmədovun yüksək keyfiyyətlərindən bəhs edib.
YAP Yasamal rayon təşkilatının sədr müavini İbrahim Mehdiyev isə çıxışında vurğulayıb ki, Tağı Əhmədov kimi ziyalı, yaradıcı və ictimaiyyətçi şəxsiyyətlə çiyin-çiyinə çalışmaq böyük şərəfdir və bütün bunları o öz insansevərliyi, göstərdiyi diqqət və qayğısı nəticəsində əldə edib. T.Əhmədovun Ulu Öndər Heydər Əliyev ideyalarına daim sadiq qaldığını xatırladan İ.Mehdiyev yubilyarın bu gün Prezident cənab İlham Əliyevin yürütdüyü siyasətinin ən bariz dəstəkçisi olduğunu, dövlətçilik və partiya yolunda əzmlə çalışmaqda davam etdiyini, bundan sonra hələ çox uğurlar əldə edəcəyini əminliklə bildirib.
Çıxış edən “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev də öz növbəsində Tağı Əhmədovun uzun illər göstərdiyi fəaliyyəti ətrafında geniş çıxış edərək, onun həyat yolu haqqında fikirlərini bildirib, rəhbərlik etdiyi redaksiya kollektivi adından ürəkdən təbrik edib. O, bildirib ki, Tağı Əhmədov öz örnək iş xüsusiyyətləri ilə bu gün də yüksək nümunəviliyi ilə seçilir.
Digər çıxış edənlər – YAP Gənclər Birliyinin sədri Seymur Orucov və başqaları da Tağı Əhmədovu 70 illik yubiley yaşı münasibəti ilə təbrik edərək, ona fəaliyyətində can sağlığı və müvəffəqiyyətlər arzulayıblar.
Yubilyar Tağı Əhmədov da öz növbəsində onu təbrik edən hər kəsə öz dərin minnətdarlığını bildirərək, hər birinə təşəkkürlərini bildirib.
Tədbir Azərbaycanın tanınmış mədəniyyət və incəsənət ustalarının bir-birindən maraqlı musiqili kompozisiyaları ilə müşahidə olunub.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB