"Haqq etdiyin mənzildə yaşamaq daha qürürlu, daha şərəflidir" SORĞU

"Haqq etdiyin mənzildə yaşamaq daha qürürlu, daha şərəflidir" SORĞU

22 iyun Milli Mətbuat Günü münasibətilə ölkə başçısının tapşırığı ilə jurnalistlər üçün tikilən ikinci binada 255 mətbuat işçisinə ötən gün yeni mənzillərinin açarları təqdim edildi. Bu gün Prezidentdən ev hədiyyəsi almaq sevinci yaşayan bir çox həmkarımız sevinclərini SİA ilə bölüşüblər. Onlardan bir neçəsinin təəssüratlarını aldıq.

Mənzil alan jurnalist - Kamil Həmidov: “Həddən artıq sevincliyəm. Məni, ailəmi sevindirdiyinə, sevincimizə sevinc qatdığına, zəhmətimi qiymətləndirdiyinə görə bir daha Azərbaycan Prezidentinə ailəm və özüm adından sonsuz təşəkkürlərimi, minnətdarlığımı ifadə edirəm. Eyni zamanda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov başda olmaqla, Prezident Administrasiyasına, Mətbuat Şurasına, KİVDF-yə, mənə mənzil məsələsində dəstək olan hər kəsə, xüsusən, bir neçə dəyərli millət vəkilinə təkrarən dərin təşəkkürlərimi bildirirəm. Başqalarının qrantlarına möhtac olunca, onun qurbanına çevrilincə, öz ölkənin, öz dövlətinin, öz ölkə rəhbərliyinin verdiyi və haqq etdiyin mənzildə yaşamaq daha qürürlu, daha şərəfli, daha halaldır. Azərbaycan dövləti bütün vətəndaşlarına qucaq açır. Burada nə qəbahət, nə günah ola bilər ki? Hesab edirəm ki, Azərbaycan dövlətinin və ölkə Prezidentinin bu nəcib addımını, təşəbbüsünü, haqqı və ehtiyacı olan media mənsublarını hədiyyələndirməsi, sevindirməsi alqışlanmalı, təqdir olunmalıdır. Kimlərsə "bulanıq suda balıq tutmaq" sevdasına da düşüblərsə, Allah şəfalarını versin”.

Mənzil alan jurnalist - Cabir Məmmədov: “Son bir neçə gündür bəziləri jurnalistlərə mənzillərin verilməsi məsələsini yenidən gündəmə gətirərək Azərbaycanda fəaliyyət göstərən media təmsilçilərini tənqid edir, KİV nümayəndələrinin mənzillərlə təmin edilməsini dövlətin mediaya təsiri kimi qələmə verirlər. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun söylədiyi kimi “Məgər öz dövlətinin vətəndaşlarına, jurnalistlərə dövlət qayğısı göstərmək, onların maddi-mənəvi problemlərinin həllinə yardım etmək qəbahətdirmi?”.

Ölkəmizdə təkcə KİV nümayəndələri deyil, alimlər, idmançılar, mədəniyyət xadimləri də evlərlə təmin edilir. Hər il neçə-neçə şəhid ailəsinə, müharibə veteranlarına, qazilərə, həmçinin qaçqın və məcburi köçkün ailələrinə yeni evlər verilir, onların sosial problemlərinin həlli istiqamətində bir çox işlər görülür. O ki, qaldı Azərbaycanda fəaliyyət göstərən media əhlinə, hər bir vicdanlı jurnalist öz xalqına, dövlətinə, dövlətçiliyinə müstəqil şəkildə xidmət edir. Jurnalistlərə mənzillərin verilməsinə gəlincə, bu, dövlətin humanist siyasəti, diqqəti və qayğısıdır. Xaricdən verilən qrantları alıb, öz xalqının əleyhinə iş aparanlardan fərqli olaraq biz dövlətimizdən dəstək alıb, xalqımıza xidmət edirik”.

Mənzil alan jurnalist - Kəmalə Quliyeva: "22 illik əməyimin bəhrəsini gördüyüm, evsizliyimin sona çatdığı gündür. Kaş bütün göz yaşları ancaq sevincdən axsın. Mənə və ailəmə dəstək olan hər kəsə - bu imkanı yaratdığına görə ölkə Prezidenti İlham Əliyevə, mənə ailə olan “APA Holdinq” rəhbərliyinə, ən çətin və yaxşı günlərimdə yanımda olan dostlarıma, həmkarlarıma bir təşəkkür borcum var. Var olun! Bütün qapılar həmişə xeyirliyə açılsın! Amin!".

Mənzil alan jurnalist - Günay Yelmarqızı: “Tam səmimi, pafosdan, hər hansı mübaliğədən kənar deyirəm – ötən gün həyatımın ən gözəl xəbərini aldım, ən böyük sürprizini yaşadım. Kiçik əməyimə verilən böyük dəyərə görə təşəkkürlər cənab Prezidentimizə. Ev alan bütün həmkarlarımı təbrik edirəm”.

Mənzil alan jurnalist - Mamed Bağırov: “Cənab Prezidentimizin bu xeyirxah addımı bütün dünyaya örnəkdir. Jurnalistlər üçün ən böyük problemlərdən biri öz isti ocağının, evinin olmamasıdır. Nəhayət, səbirsizliklə gözlədiyim o gün gəldi və mənə də uzun müddət idi çalışdığım SİA-da (Səs İnformasiya Agentliyindən) ev almaq nəsib oldu. Mənim üçün əvəzolunmaz bir hissdir. Cənab Prezidentimizə şəxsən öz adımdan, ev alan jurnalistlərimizin adından dərin təşəkkürümü bildirirəm. Bu xeyirxah addım dünyada ilk dəfə Azərbaycanda həyata keçirildi. Məhz bütün dünyaya örnək oldu ki, Azərbaycan dövləti öz millətinə və xalqına nə cür qayğı və diqqət göstərir.

Bu onun göstərir ki, Prezidentimiz biz yazarlardan, qələm əhlindən diqqət və qayğısını əsirgəmir, hər zaman biz jurnalistlərin sosial şəraiti ilə və KİV-nin inkişafı ilə bağlı yaxından maraqlanır və onların maddi bazasını yaxşılaşdırmaq üçün Sərəncamlar verir. Bu gün ölkəmizə qarşı yalan böhtan yazaraq qarayaxma kampaniyası aparan, xaricin “kuklası” olan bəzi KİV vasitələri onu bilsin ki, “günəş ləkə götürməz”.

Mənzil alan jurnalist - Aqşin Şahinoğlu: “Güclü dövlət qayğısı və dəstəyi ilə əhatə olunmuş Azərbaycan mediası son illərdə çox böyük inkişaf yolu keçib. Həyata keçirilən tədbirlər milli mediamızın bir çox problemlərinin aradan qaldırılmasını təmin edib, jurnalistlərin sosial-müdafiəsinin əsaslı şəkildə gücləndirilməsini şərtləndirib. Azərbaycan jurnalistikasında peşəkarlıq səviyyəsi yüksəlib, redaksiyaların maddi-texniki təminatı məsələləri uğurla həll olunub. Bu gün Azərbaycan dünyada yeganə ölkədir ki, dövlət media nümayəndələrinə təmənnasız mənzil hədiyyə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə jurnalistlər üçün tikilmiş ikinci binadan mənzil alan KİV nümayəndələrinə sənədlərin və açarların təqdim edilməsi mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənov də dövlətimizin başçısının ölkəmizdə mətbuata və jurnalistlərə daim yüksək diqqət və qayğı göstərdiyini vurğuladı.

Ümumiyyətlə, sözügedən çıxışda cənab Əli Həsənov ölkəmizdə həyata keçirilən media siyasətinin uğurları, Azərbaycan mətbuatının mövcud durumu, ölkəmizin inkişaf proseslərində milli mətbuatımızın rolu haqqında bir çox məsələlərə toxundu, dərin və əhatəli təhlillər apardı. Bununla yanaşı, cənab Əli Həsənov Azərbaycan mətbuatı, hakimiyyət-media münasibətləri haqqında bəzilərinin qərəzli ittihamlarına çox ciddi arqumentlərlə cavab verdi. Şöbə müdiri, xüsuslə qeyd etdi ki, Prezident İlham Əliyev hakimiyyətinin ilk günlərindən Ümummilli liderin mətbuata qayğı siyasətini uğurla davam etdirir. Bu gün Azərbaycanda media ilə münasibətlər şəffaf şəkildə nizamlanır. Bu gün Azərbaycanda yazılı mediaya da yüksək qayğı göstərilir. Çünki yazılı media hər bir ölkənin salnaməsini yaradır. Bu gün ölkəmizdə yazılı media Azərbaycan cəmiyyətinin müxtəlif sahələrdə zəngin irsinin qorunmasına xidmət edir.

Əlbəttə, təəssüf edirik ki, Azərbaycan dövlətinin mediaya belə yüksək münasibəti, mətbuatın inkişafı istiqamətində atılan bu addımlar bir sıra dairələr tərəfindən məqsədli şəkildə qərəzli şərh olunur, ictimai rəyi çaşdırmağa yönəlmiş manipulyasiya cəhdləri müşahidə edirik. Şübhə yoxdur ki, bu kimi fikirləri gündəmə gətirən konkret maraq qruplarının sifarişlərini icra edən şəxslər milli təəssübkeşlikdən çox uzaqdırlar. Onlar Qərbdəki müəyyən mərkəzlərdən aldıqları maddi dəstək və sifarişlər sayəsində Azərbaycan mətbuatını hədəf alıb. Əlbəttə, cənab Əli Həsənovun da vurğuladığı kimi, bu kimi cəhdlər heç bir nəticə verməyəcək, illərdir milyonlarla valyuta xərcləyib Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin bu addımları da iflasa məhkumdur. Əgər hər hansı bir ölkənin müstəqil mediasını təsir altına alaraq onu öz dövlətinə qarşı istifadə etmək inkişaf göstəricisidirsə, Azərbaycan dövlətinə belə inkişaf lazım deyil.

Mən bir daha dövlətimiz tərəfindən mənzillə təmin olunmuş həmkarlarımı təbrik edir, Azərbaycan mediasının inkişafı, milli və dövlətçilik maraqlarımızın qorunması naminə gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə