Azərbaycanda söz və media azadlığı bütün demokratik dəyərlərə cavab verir ŞƏRH
İlham Əliyev: “Əgər internet heç bir senzura olmadan azaddırsa və əhalinin böyük hissəsi internet istifadəçisidirsə, medianın fəaliyyətinə məhdudiyyətdən danışmaq olmaz”
Məlum olduğu kimi, Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində bir sıra önəmli görüşlər keçirməklə yanaşı, panel müzakirədə də iştirak edib. SİA xəbər verir ki, İqtisadi Forum çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirəsində çıxış edən ölkə başçımız xüsusilə vurğulayıb ki, Azərbaycanda Azərbaycanda bütün əsas azadlıqlar , o cümlədən, söz və media azadlığı da tam şəkildə təmin olunmaqdadır. Belə ki, “Buraya media azadlığı da aiddir ki, Azərbaycanda media tamamilə azaddır”-deyə vurğulayan dövlət başçısı panel müzakirəsində onu da xatırladıb ki, ölkə əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. SİTAT: “Əgər internet heç bir senzura olmadan azaddırsa və əhalinin böyük hissəsi internet istifadəçisidirsə, medianın fəaliyyətinə məhdudiyyətdən danışmaq olmaz”.
“Azərbaycanda fundamental azadlıqlar təmin olunur”
Müzakirədə iştirak edən jurnalistlərin də suallarını cavablandıran Prezident İlham Əliyev media azadlığı ilə bağlı reytinqlərdə Azərbaycana niyə aşağı dərəcə verildiyinə dair sualı da cavablandırıb və vurğulayıb ki, bu, siyasi səbəblərlə bağlıdır. Ölkə başçımız media təmsilçilərinin diqqətinə çatdırıb ki, Azərbaycan demokratik və müstəqil dövlət olmaqla yanaşı, öz milli maraqlarını da daim ən yüksək mövqedə saxlayır və bu səbəbdən, bəzi Qərb siyasi qurumları bu kimi münbit reallığı qəbul etməkdə acizlik göstərir, o cümlədən, Azərbaycanın milli maraqlar çərçivəsində uğurlu siyasət yürütməsinə düşmən gözü ilə baxırlar. SİTAT: “Reallığı dəyişmək olmaz. Bir daha deyirəm ki, Azərbaycanda fundamental azadlıqlar təmin olunur. Bizim hökumətimiz hər bir kəndə genişzolaqlı internetin çatdırılması üçün bir çox vacib layihələr həyata keçirir. Bu qiymətləndirmə çox ədalətsiz yanaşma əsasında təşkil olunub. Bəzən isə bu, düşməncəsinə yanaşmadır. Bu reytinqlər Qərbdə bəzi siyasi mərkəzlər tərəfindən təşkil olunub. Bunlar niyə edilir? Səbəb sadədir. Azərbaycan milli maraqlarına uyğun müstəqil siyasət həyata keçirir”.
“Bəziləri çox da böyük olmayan ölkə üçün Azərbaycanı çox müstəqil hesab edirlər”
O cümlədən, “Biz ölkəmizə problem törədəcək, riskli olan macəralara qatılmırıq”-deyə qeyd edən dövlət rəhbərimiz həmçinin bildirib ki, Azərbaycanda daxili risklər yoxdur, siyasi və iqtisadi stabillik var: “Bizim üzləşə biləcəyimiz istənilən risk xaricdən gələ bilər. Azərbaycanı bəzi ölkələrə qarşı kampaniyalara cəlb etməklə bağlı bir sıra cəhdlər olub. Lakin biz heç kəsə qarşı oynamırıq, riskli və milli maraqlarımıza zidd olan kampaniyalara qatılmırıq. Buna görə də bəziləri çox da böyük olmayan ölkə üçün Azərbaycanı çox müstəqil hesab edirlər. Bu kimi reytinqlər bizim nüfuzumuzu hörmətdən salmağa hədəflənib. Azərbaycanı qeyri-demokrat ölkə kimi göstərmək istəyiblər. Lakin bu belə deyil. Siyasi inkişaf iqtisadi inkişafla bağlıdır. Dünya iqtisadi forumunun açıqlamasına görə Azərbaycan iqtisadi rəqabətliliyə görə 35-ci yerdə qərarlaşıb. Bu, yaxşı göstəricidir və bir daha nümayiş etdirir ki, bizim ölkə azaddır”.
AŞPA-nın baş katibi Torboyrn Yaqland da hüquqi islahatları yüksək qiymətləndirib, reallıqları etiraf edib!
Yeri gəlmişkən, onu da xatırlatmaq yerinə düşərdi ki, bugünlərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında çıxış edən baş katib Torbyorn Yaqland Azərbaycanda son dövrdə aparılmış hüquqi islahatları yüksək qiymətləndirib, onların əhəmiyyətli irəliləyiş olduğunu vurğulayıb. Bu fakt isə həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, ümumiyyətlə, Azərbaycanda aparılan hər bir islahat nəticə olaraq öz uğurlu təsdiqini tapmaqdadır. Azərbaycan azad, müstəqil və demokratik ölkə olmaqla yanaşı, eyni zamanda bütün dünyaya, beynəlxalq aləmə sübut edir ki, milli maraqlar çərçivəsində inkişaf və tərəqqi faktorunu da məhz ölkəmiz təqdim etməkdədir. Əgər belə olmasa idi bir sıra aparıcı qurumlar da bunu etiraf etməzdilər. Bu baxımdan, hətta zamanında ölkəmizə qarşı müəyyən çıxışlar etmiş tərəflər və siyasi qurumlar da son anda bu uğur reallığını qəbul etməli olurlar.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB