Yaxud, Finlandiya mətbuatı niyə həyəcan təbili çalır?
Xarici mətbuat Rusiyanın dövlət başçısı Vladimir Putinin növbəti dəfə prezident seçkilərinə qatılması barədə verdiyi qərarı ətrafında çoxsaylı yazı və məqalələrlə çıxış etməyə başlayıblar. Xüsusilə, Qərb mediası bu Şimal ölkəsinin dünyada baş verən proseslərə özünəməxsus yanaşmalarını sərt tonda tənqid atəşinə tutur və görünən budur ki, hazırda Putin administrasiyası ciddi hücumların qarşısını almaq məcburiyyətindədir. Nəzərə alsaq ki, Rusiya istər Yaxın Şərq regionunda, istərsə də Qərbə münasibətində siyasi mövqeyini uzun illərdir ki, dəyişmir, hətta qoca qitəyə qarşı soyuq müharibə fonunda addımlarını artırır və bu mövqe bütövlükdə dünyanın siyasi mühitinə öz təsirlərini göstərir, bu zaman ehtimal etmək olar ki, seçikilər öncəsi Rusiya-Qərb münasibətləri daha da sərtləşəcək. Buna isə daha bir səbəb var. Məsələ həm də ondadır ki, artıq bir neçə ildir Putinin yeni SSRİ qurmaq planı barədə müxtəlif və çoxsaylı fikirlər səsləndirilir. Düzdür, Rusiyanın rəsmi dairələri belə bir planın ümumiyyətlə olmadığını bildirsələr də, ancaq hadisələrin buna doğru inkişafı bəzi hallarda inandırıcı görünür.
“Yle” teleradio şirkəti: “Putin nəhəng masştablı dəstək olmadan növbəti seçkilərə qatılmaq istəmir”
Bu arada, Finlandiya mətbuatı Rusiyadakı siyasi-ictimai mühit və seçkilərə hazırlıqla bağlı geniş yazılar dərc etməkdədir. Əgər nəzərə alsaq ki, Rusiya Finlandiya ilə sərhədlərə malikdir, həmçinin, Rusiyanın Finlandiya ilə yanaşı, İsveç və Baltikyanı ölkələrlə bağlı müəyyən olunmuş özəl siyasəti mövcuddur, bu zaman Finlandiya mətbuatının hadisələrin inkişafı istiqamətindəki baxışları, münasibətləri maraq doğurmaya bilməz. Misal üçün, Finlandiyanın aparıcı KİV-lərindən sayılan “Yle” Teleradio şirkətinin müxbiri Çerstin Krunvall Vladimir Putinin növbəti dəfə prezidentlik müddətinə namizədliyini irəli sürməsi ətrafında reportaj hazırlayıb və həmin reportajda qeyd olunur ki, Rusiyada prezident seçkiləri ilə bağlı qəti proqnozlar vermək mümkün deyil, ancaq o, həmçinin bildirib: “Putin nəhəng masştablı dəstək olmadan növbəti seçkilərə qatılmaq istəmir, çünki belə olan halda tənqidçilər bəyan edə bilərlər ki, onu ölkəsinin çox cüzi vətəndaşları dəstəkləyib”.
“Helsingin Sanomat” qəzeti: “Putin seçkiöncəsi kampaniyalara nifrət edir”
Finlandiyanın nüfuzlu “Helsingin Sanomat” qəzetinin jurnalisti Pekka Hakaala isə öz şərh xarakterli məqaləsində yazıb ki, Putin, prezidentliyinin dördüncü müddətində Rusiyanı bağlı və astagəl ölkəyə çevirərək, bu amili dövlətçilik monopoliyasına daxil edib və bütün bunlara rəğmən, ölkəsini ağır iqtisadi böhrandan çıxarmağa nail olub. “Putin seçkiöncəsi kampaniyalara nifrət edir”-deyə Pekka Hakaala daha sonra qeyd edib və əlavə edib ki, Rusiya prezidenti heç vaxt ölkə vətəndaşlarına planları barədə danışmır, çünki o daha çox qətiyyətli qərarları ilə addımlar atmağa üstünlük verir.
Yenə də “Yle” teleradio şirkətinin digər əməkdaşı, Finlandiya KİV-nin Rusiyadakı müxbiri Maryo Nyakki isə yazır ki, Putinin idarəçiliyi dövründə bu ölkədə vətənpərvər və patriotçuluq təlim-tərbiyəsi yönündə gənclik yetişir, hətta bu faktor populyarlıq qazanır. Finlandiyalı jurnalist öz oxucularına Veliki Ustyuq böllgəsində “Vımpel” hərbi-patriotçuluq klubu barədə məlumat verərək qeyd edir ki, hazırda Rusiyada daha çox danışılan mövzulardan biri də SSRİ-nin Böyük Vətən Müharibəsində əldə etdiyi qələbəsidir. “Ancaq nədənsə, Stalinin rolu və SSRİ-də mövcud olan məhbus düşərgələri barədə heç nə danışılmır”-deyə Maryo Nyakki yazır.
“Ilta-Sanmat” nəşri: “Hər kəs növbəti dəfə Putin siyasətinin təsir gücünü gördü”
“Ilta-Sanmat” qəzetinin jurnalisti Yuhanna Nurdlinq isə digər bir məsələyə - Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya idmançılarını 2018-ci ildə keçiriləcək Olimpiya Oyunlarına neytral bayraq altında qatılması izninə toxunub. “İl yenidir, gühanlar isə köhnə” adlı məqaləsində fikir bildirən finlandiyalı jurnalist bu məsələdə BOK-u günahlandırır və Rusiyaya yönəlik loyal münasibət sərgilədiyini yazır. Maraqlıdır ki, o da öz fikirlərini Putin siyasəti üzərinə gətirir. SİTAT: “BOK öz qərarını “əxlaqi naliliyyət” adlandırır halbuki, əslində söhbət şəxsi məğlubiyyətin etirafından gedir. Hər kəs növbəti dəfə Putin siyasətinin təsir gücünü gördü”.
Beləliklə, Nurdlinq sonda qeyd edir ki, Rusiya bu minvalla öz sistemini dəyişməyəcək, çünki layiq olduğu cəzasını almır.
Finlandiya prezidentliyinə ultramillətçi namizəd Laura Xuxtasaari hesab edir ki, Rusiya Finlandiyaya potensial təhlükədir və...
Adıçəkilən qəzet digər materialında Rusiyanın Finlandiya ilə elə də isti olmayan münasibətlərinə toxunaraq, Finlandiyanın NATO-ya üzv olmasının nə qədər vacibliyi məsələsindən yazıb. Məsələn, Finlandiyada keçiriləcək prezident seçkilərinə namizədliyini ultramillətçi “Əsil finlər” partiyasından irəli sürmüş Laura Xuxtasaari hesab edir ki, Rusiya Finlandiyaya potensial təhlükədir və bununla yanaşı vurğulayıb ki, qonşu ölkə davamlı olaraq hərbi təlimlər keçirərək nəyəsə hazırlaşır. Fin namizədə görə, Rusiya NATO-nun genişlənməsinə mütləq reaksiya verəcək və buna görə də Finlandiyanın alyansa daxil olmamalıdır.
Finlandiyanın prezidentliyinə digər namizəd – mərkəzçi Matti Vanxanen isə “Yle”yə mövzu ilə bağlı verdiyi açıqlamasında hesab edib ki, finlandiyanın NATO-ya qoşulması beynəlxalq sabitlik fonunda neqativ hadisələrlə müşahidə oluna bilər və bu addımı Rusiyanın Ukraynadakı fəaliyyəti ilə eyniləşdirmək olar. Vanxanen Rusiyanın Finlandiyaya yönəlik siyasi baxışlarının uğurlu olmadığını desə də maraqlıdır ki, iki ölkə arasındakı ümumi münasibətlərin normal olduğunu da istisna etməyib.
“Iltalehti” nəşri: “Müxalifətçi fəalların həbsi üçün asan bəhanələr tapılır”
“Iltalehti” nəşri isə Rusiya müxalifətinin hakimiyyət tərəfindən sıxışdırılması mövzusuna toxunub və bunun arxasında bilavasitə Putin siyasətinin dayandığını yazıb. Misal üçün, adıçəkilən nəşrə açıqlama verən və İrkutsk şəhərindən olan rusiyalı müxalifətçi fəal İqor Martınenko iddia edib ki, hakimiyyətə qarşı çıxan fəallar çox çətin vəziyyətdədirlər və Rusiyada insan haqları pozulur: “İrkutsklu fəal İqor Martınenko nəşrimizə bildirir ki, ölkədə din mövzusu daha çox qabardılır və bu, siyasət aləti olaraq istifadə olunur, fəallarla çox sərt davranılır, onların həbs olunması üçün isə çox sadə bəhanələr tapılır”-deyə nəşr yazır.
Latviya, Litva, Estoniya, Polşa, Norveç, Finlandiya və İsveç əsas hədəfdədir?
Beləliklə, Fin mətbuatının özəlliklə Rusiyada baş verən proseslərə bu qədər maraq göstərməsi əbəs deyil. Çünki Rusiyanın istər Skandinav, istərsə də Baltikyanı ölkələrə qarşı təhdidli siyasət nümayiş etdirməsi hər an baş qaldıra bilər. Misal üçün, bu yaxınlarda Almaniyanın “Bild” qəzeti Rusiyanın ötən ilin sentyabr ayında həyata keçirdiyi “Zapad 2017” təlimində terrorla mübarizədən çox NATO və Avropaya qarşı hücum planını icra etdiyini irəli sürmüşdü.
Qəzet Qərb kəşfiyyat mənbələrinə əsaslandırdığı xəbərində, Rusiyanın 100 min əsgərlə keçirdiyi təlimin adının rəsmi “terrorizmə qarşı mübarizə” olduğunu, ancaq daha çox NATO və Avropa ölkələrinə qarşı müharibə planı hazırladığını yazmışdı.
Təlimin ssenarisinə görə, bir neçə gün ərzində Baltik ölkələrinin alınması məqsədi hədəf alınmışdı. Məhz bundan sonra ABŞ NATO çərçivəsində müəyyən hərbi silahlı qruplar, o cümlədən, hərbi avadanlıqlarını regiona göndərmişdi. O cümlədən, bu gün NATO-nun hərbi-plan masasında Rusiyanın Latviya, Litva, Estoniya, Polşa, Norveç, Finlandiya və İsveçə hücum etməsi mümkünlüyünü əks etdirən, eləcə də müharibəyə kifayət qədər yaxın olan ehtimalları mövcuddur. Görünür, bu məsələdə daha çox ehtiyat edən də məhz Finlandiyadır. Hər halda, Rusiyada bu il keçiriləcək prezident seçkiləri və Putinin seçilmək şansının yüksək səviyyədə olması istər Qərbi, istərsə də Qərbə bağlı olan ölkələri ciddi şəkildə narahat etməyə bilməz.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB