Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Moldova və Gürcüstan respublikalarının ölkəmizdə səfərdə olan on beş qeyri-hökumət təşkilatının nümayəndələrini onların xahişi ilə qəbul edib.
Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, bu görüşün təşkilatçısı olan İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü Birliyinin rəhbəri Anar Qasımov həyata keçirilən layihə çərçivəsində adı çəkilən QHT təmsilçilərinin səfərinin ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı vəziyyətini və yerli QHT-lərin təcrübəsini öyrənmək məqsədini daşıdığını vurğulayıb.
Müvəkkil öz fəaliyyətini dövlət orqanları, QHT-lər, vətəndaş cəmiyyəti ilə səmərəli əməkdaşlıq şəraitində qurduğunu, bu əməkdaşlığın daha faydalı və məqsədyönlülüyünə nail olmaq, davamlılığını təmin etmək üçün 2003-cü ildə Ombudsman Aparatında müstəqil Ekspertlər Şurasının yaradıldığını diqqətə çatdırıb.
E.Süleymanova Azərbaycan Qadın və İnkişaf Mərkəzinin nəzdində Ombudsmanın Ahılların Resurs Mərkəzini və hazırda Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Uşaq və Gənclərin Sülh Şəbəkəsini yaratdığını söyləmiş, adı çəkilən qurumlarla sıx əməkdaşlıq əlaqələrinin davam etdirildiyini, insan hüquqları, o cümlədən qadın və uşaq hüquqları sahəsində birgə tədbirlərin keçirildiyini vurğulayıb.
Müvəkkil ölkəmizdə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) uğurla icra olunduğunu, bu sənədin icrasına məsul olan dövlət qurumları və müvafiq QHT-lərin, vətəndaş cəmiyyəti nümayəndələrinin İşçi qruplarında təmsil olunduğunu, onların iştirakı ilə Ombudsman Aparatında müntəzəm məsləhətləşmələr keçirildiyini söyləyib.
Ombudsman ictimai dinləmələr çərçivəsində rayon rəhbərliyi və digər dövlət orqanlarının əməkdaşları ilə birgə yerlərdə əhalini qəbul etdiyini, onların müraciətlərini araşdırdığını, müvafiq tapşırıqlar verdiyini, həmçinin bir çox müraciətlərin yerində həll olunduğunu vurğulayıb.
E.Süleymanova Ombudsman təsisatının qaynar xətləri ilə bağlı məlumat verərək, müraciətlərə vaxtında baxıldığını vurğulayıb.
Qonaqlar Ombudsmanın bu sahədə fəaliyyətini müsbət qiymətləndirmiş, təkliflərinin səmərəli olduğunu söyləmiş, bir sıra suallar ünvanlayıblar.
Müvəkkil qonaqları maraqlandıran sualları ətraflı cavablandırmış, faydalı fikir mübadiləsi şəraitində keçən görüşdə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB