ABŞ-ın Azərbaycandakı səfiri ilə görüş keçirilib

ABŞ-ın Azərbaycandakı səfiri ilə görüş keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüş keçirilıb. Universitetin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, müəllim və tələbələr iştirak ediblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov görüşü giriş sözü ilə açaraq səfir Robert Sekutanın fəaliyyəti haqqında məlumat verib.

Səfir R.Sekuta çıxış edərək görüşün keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib. Qeyd edib ki, Amerika ilə Azərbaycan arasında yaxşı əlaqə və münasibətlər var. Bu əlaqə və münasibətlərin yaxşı olmasının əsas səbəbi hər iki ölkənin buna səy göstərməsidir. ABŞ Azərbaycanı güclü, müasir, demokratik dövlət kimi görmək istəyir. Azərbaycanda yüksək multikulturalizm və tolerantlıq mühiti var. Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqların uğurla həyata keçirildiyi bir ölkədir.

ABŞ Azərbaycanla münasibətlərində ən çox 3 amilə - təhlükəsizlik məsələsinə, iqtisadi sahədə əməkdaşlığa və yaxşı idarəetmə amilinə üstünlük verir. ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində səylərini davam etdirir.

Görüşdə iştirakçıların müxtəlif sualları cavablandırılıb, maraqlı fikir mübadiləsi aparılıb.

Sonda səfir Robert Sekutaya hədiyyə təqdim edilib, xatirə şəkilləri çəkdirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə