Heydər Əliyevin adı Azərbaycan coğrafiyasından dəfələrlə böyükdür MÜNASİBƏT

Heydər Əliyevin adı Azərbaycan coğrafiyasından dəfələrlə böyükdür MÜNASİBƏT

Heydər Əliyevin adı və fəaliyyəti Azərbaycanın etnosiyasi coğraiyasından dəfələrlə böyükdür. Bunu SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, tarixi proseslər elə şərtlər yaradıb ki, Heydər Əliyev Azərbaycana həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik dövründə rəhbərlik edib: "Həmin illərdə, yəni hər iki dövrdə onun əsas amalı Azərbaycanı irəli aparmaq olub. Onun hakimiyyətinin birinci dövrü sovet, ikincisi isə müstəqillik dövründə olub. Ancaq fərqli, təzadlı ideoloji sistemlərə baxmayaraq, Heydər Əliyevin siyasi fəaliyyətinin əsas qayəsi milli inkişafı, milli tərəqqini təmin etmək idi və o, buna nail olub. Postsovet dövründə Azərbaycan xalqının milli özünüdərk prosesi də, Bakının kosmopolit şəhərdən milli şəhərə çevrilməsi də, Azərbaycanın neft sənayesindən kənar digər sənaye sahələrinin, o cümlədən aqrar sənayenin inkişafı da Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan hadisələrdir. O, sovet illərində təkcə Azərbaycanın deyil, SSRİ-də yaşayan bütün müsəlman xalqların lideri və hamisi idi. Bu nüans 1991-ci ildən sonra da Azərbaycanın bir çox xalqlarla isti münasibət qurmasına olduqca müsbət təsir göstərdi".

Millət vəkili daha sonra bildirib ki, Ulu Öndər Heydər Əliyevin ən böyük əsəri müstəqil Azərbaycandır. Əgər bu gün postsovet məkanından çıxmış çox az ölkə müstəqil siyasət həyata keçirə bilirsə, sabitlik bərqərar olunursa, onlardan biri Azərbaycandır və biz müstəqil dövlətçilik ənənələrinin qurulmasına görə Ümummilli Lider Heydər Əliyevə borcluyuq.

Onun ən böyük əsərlərindən biri 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasıdır. Bu Konstitusiya Ümummilli Lider Heydər Əliyevdən sonrakı mərhələdə Azərbaycanın hüquqi və sosial dövlət kimi inkişafının əsasını yaratdı, ölkəmizi demokratik dövlət yoluna çıxardı. Heç şübhəsiz ki, hər bir dövlətin siyasi müstəqilliyinin arxasında iqtisadi müstəqillik dayanır. Bu konteksdən də baxanda biz görəcəyik ki, Ulu Öndər müstəqilliyimizin çox ağır illərində Azərbaycanın iqtisadi müstəqilliyini təmin etmək üçün çox riskli və böyük layihəyə imza atmağı bacarıb. Bu, 1994-cü ildə imzalanan BTC neft kəməri layihəsi idi.

Ümummilli Liderin böyüklüyü, həm də ölkənin gələcəyini, yəni onun bioloji ömrünün sonrakı mərhələsində də qurduğu dövlətin yaşamasını təmin etməsidir.

Hikmət Babaoğlu qeyd edib ki, Ulu Öndərdən sonra da onun siyasəti, əqidəsi, azərbaycançılıq ideologiyası yaşayır, yaşayacaq və bu gün də Azərbaycan çiçəklənən bir ölkədir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə