ATƏT-in nümayəndəsi: “Azərbaycan gender bərabərliyinə dair götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində əhəmiyyətli addımlar atıb”

ATƏT-in nümayəndəsi: “Azərbaycan gender bərabərliyinə dair götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində əhəmiyyətli addımlar atıb”

"Azərbaycan məişət zorakılığının qarşısının alınması haqqında qanunu qəbul etməklə gender bərabərliyinə dair götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində əhəmiyyətli addım atıb". SİA-nın xəbərinə görə, bunu ATƏT-in Gender Məsələləri üzrə Baş müşaviri Cəmilə Seftavi Azərbaycana dörd günlük səfərinin nəticələrinə həsr etdiyi mətbuat konfransı zamanı bəyan edib. Onun sözlərinə görə, ATƏT bu qanunun hazırlanması və qəbul edilməsini dəstəkləyib: "Biz ümid edirik ki, bu vacib qanunvericilik sənədi tezliklə icra olunacaq. Qadınlara qarşı zorakıhqla mübarizədə hərtərəfli yanaşmanın sərgilənməsi və bu qanunun icrası onların fundamental hüquqlarını və təhlükəsizliyini təmin etmək baxımından çox önəmlidir".

 

Azərbaycana səfəri zamanı Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İqtisadi İnkişaf Nazirliyinin yüksək vəzifəli şəxsləri, eləcə də beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirdiyini deyən Cəmilə Seftavi bildirib ki, görüşlər zamanı əsas müzakirə mövzuları qadın hüquqlarının önə çəkilməsi, onların iqtisadi imkanlarının təşviq edilməsi, gender bərabərliyinə nail olmaq üçün qadınların ayrıseçkilik və zorakılığın istənilən formasından qorunması olub.

 

ATƏT-in Gender Məsələləri üzrə Baş müşaviri eyni zamanda Gender bərabərliyinin ATƏT-in hərtərəfli təhlükəsizlik mandatında əhəmiyyətli yer tutan fundamental insan hüququ və dəyəri olduğunu söyləyib: "Buna görə də zorakılıq qurbanlarının qorunması və təcavüzkarların mühakimə edilməsi üçiin dayanıqlı mexanizmlərin hazırlanması çox vacibdir. Cəmiyyət müstəvisində qadın hüquqları və gender bərabərliyinin təşviqinin daha da sürətləndirilməsi üçün vətəndaş cəmiyyətinin təşəbbüsləri də önəmlidir".

 

Seftavi həmçinin vurğulayıb ki, ailənin özəl həyatı, mədəniyyəti, adət-ənənəsi və ya təhsilin olmamağı kimi səbəblər qadınlara qarşı törədilən zorakılığa dözümlülük nümayiş etdirməyə və ya əhəmiyyət verməməyə bəraət qazandıra bilməz: "Qadınlara qarşı zorakılıq fərdi insanların həyatına mənfı təsir göstərməklə yanaşı, ölkənin hər bir sahədə inkişafına əngəl törədir".

Bütün xəbərlər Facebook səhifəmizdə