Əhməd Vəhidi: “Əgər Azərbaycan tərəfi qəbul edərsə, bu ölkəyə də hərbi yardım göstərməyə hazırıq”
"F-35 döyüş təyyarələrinin alınması ilə İsrailin problemləri həll olunmayacaq". SİA-nın məlumatına görə, bunu İranın müdafiə naziri Əhməd Vəhidi Azərbaycana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İsrail və ABŞ arasında 2,75 mlrd. dollar dəyərində radarlara yaxalanmayan F-35 döyüş təyyarələrinin alqı-satqısına dair imzalanmış müqavilə rəsmi Vaşinqtonun növbəti dəfə təcavüzkar bir ölkənin dəstəklənməsinin göstəricisidir.
İstehsala hazırlıq prosesi ərəfəsində olduğundan bu təyyarələrin İsrailə yaxın zamanlarda çatdırılmasının mümkünsüz olduğunu deyən Ə.Vəhidi imzalanmış müqavilənin İsraildəki iqtidara mənəvi-psixoloji dəstək, regionda isə psixoloji təsir yaratmaq məqsədi güddüyünü qeyd edib: "ABŞ öz taleyini İsraildəki mövcud rejimə calayaraq özünü məhvə aparır. F-35-lə İsrailin problemləri həll olunmayacaq. Bu dövlətin problemləri daxildəndir və rejimin qeyri-legitimliyi birinci problemdir. Bu təyyarələr İsrailə neçə illər sonra veriləcək. Bu gün isə o, yalnız psixoloji yardımdır. ABŞ bölgədə sülhə təhdid yaradan, təcavüzkar İsrailə belə bir hərbi texnologiyaları verməsini dünya ictimaiyyətinə necə izah edəcək?", - deyə nazir vurğulayıb.
Hazırda bir sıra Fars körfəzi ölkələrinin ABŞ-dan müasir silahların alınmasına dair müqavilələri olduğunu bildirən Ə.Vəhidi: "İran bu ölkələrin heç birini özünə təhdid saymır və heç bir sahil ölkəsi üçün də təhdid yaratmır"- deyə vurğulayıb.
İranlı nazir "Qərbin İranın nüvə reaktoru sisteminə virusun daxil edilməsi haqda deyilənlərə də münasibət bildirib. O deyib ki, İranın nüvə reaktoru sisteminə virusun daxil edilməsi mümkün deyil: "Qərb belə sözlərlə İranı beynəlxalq aləmdə nüfuzdan salmaq istəyir. Hazırda bizdə belə bir çətinliklə üzləşmə yoxdur. Biz bunu kiberterrorizm adlandırırıq ki, bu da imperialist ölkələrə xas olan əməldir. Biz regionda sülhün, sabitliyin tərəfdarıyıq. Elə buna görə də heç vaxt şayiələrə üstünlük verməyəcəyik. İran dəfələrlə hərbi sahədə müsəlman ölkələrinə kömək göstərməyi təklif edib. Əgər Azərbaycan tərəfi qəbul edərsə, bu ölkəyə də hərbi yardım göstərməyə hazırıq. İran və Azərbaycan çoxşaxəli beynəlxalq və regional məsələlər üzrə eyni mövqeyə malikdir".
Azərbaycan tərəfinin İranın dinc məqsədli nüvə məsələsini dəstəklədiyini bildirən iranlı nazir, bunun dostluq və qardaşlığın bariz nümunəsi kimi adlandırıb. Onun sözlərinə görə, dinc məqsədli nüvə bütün xalqların haqqı və hüququdur: "Kütləvi qırğın silahlarından istifadə isə bəşəriyyət üçün zərərlidir və bu, heç bir xalqın haqqı deyil. Amma Qərb ölkələri atom silahının və dinc məqsədli nüvə enerjisinin də onlara məxsus olduğunu iddia edir. Bu heç də düzgün deyil". Ə. Vəhidi Azərbaycana səfərinin yekunları ilə bağlı məlumat verərək bildirib ki, səfər uğurlu keçib, görüşlərdə qarşılıqlı əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB