Oktyabrın 5-6-da Astanada keçirilən "Kazenerji-2010" V Avrasiya enerji forumu çərçivəsində "Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. SİA-nın məlumatına görə, sazişi iki ölkənin fövqəladə hallar nazirləri Vladimir Bojko və Kəmaləddin Heydərov imzalayıblar.
İmzalanma mərasimindən sonra bildirilib ki, Meksika körfəzində baş vermiş qəza su hövzələrində iş görən ölkələri ehtiyatlı olmağa məcbur edib. Bu baxımdan, Azərbaycan və Qazaxıstan arasında imzalanmış saziş Xəzər dənizindəki yataqların mənimsənilməsi zamanı təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirməyi aktuallaşdırır.
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, sazişin imzalanmasından sonra növbəti addım bununla bağlı fəaliyyət proqramının hazırlanmasıdır. Ola bilər ki, bununla bağlı fond da yaradılsın.
Səfər çərçivəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qazaxıstanın Baş naziri Kərim Məsimovla görüşüb. Görüşdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan K.Heydərov, Xəzər dənizi hövzəsi və sahilyanı ərazilərdə neft çirklənmələri və digər qəzalarla əlaqədar əməkdaşlığın gücləndirilməsi barədə danışıb.
Daha sonra Qazaxıstanın Fövqəladə Hallar Nazirliyində geniş tərkibdə görüş olub. Səfər müddətində nümayəndə heyəti Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin bəzi qurumlarının fəaliyyəti ilə də yaxından tanış olub. Azərbaycan Respublikasının nümayəndə heyəti "Avrasiya enerji xəritəsi: risklərin və yeni imkanların balansı" forumunun işində də iştirak edib. Nümayəndə heyəti forum çərçivəsində Kazenerji Assosiasiyasının sədri Timur Kulibayevlə, habelə Astana şəhərinin meri İmanqəli Tasmaqanbetovla da görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB