BMT-nin Azərbaycandakı nümayəndəliyi təşkilatın yaradılmasının 72-ci ildönümü - BMT Günü və BMT-Azərbaycan münasibətlərinin qurulmasının 25 illiyi ilə əlaqədar qəbul keçirib. Qəbul çərçivəsində BMT-Azərbaycan münasibətlərinə dair foto sərgisi nümayiş etdirilib.
SİA-nın verdiyi məlumata görə, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai təşkilatın 72 il əvvəl BMT Xartiyasının üzv dövlətlər tərəfindən ratifikasiya edilməsi ilə yaradıldığını xatırladıb. Bu gün həm də BMT-Azərbaycan münasibətlərinin 25 illiyinin qeyd edildiyini deyən Q.İshaqzai vurğulayıb ki, bu münasibətlə xüsusi kitab da nəşr edilib. Azərbaycan BMT-nin sülhyaratma əməliyyatlarına, təşkilatın müxtəlif tədbirlərinin keçirilməsinə böyük dəstək verir.
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, Azərbaycanın BMT-yə üzvlüyü ölkəmizin müstəqilliyi qədər möhtəşəm olub. Ölkəmiz BMT ilə münasibətlərinin inkişaf etdirilməsinə və əlaqələrin şaxələndirilməsinə çalışıb. Azərbaycan özünü beynəlxalq arenada sadiq və etibarlı tərəfdaş kimi nümayiş etdirib.
Nazir müavini əlavə edib ki, Azərbaycan qısa müddətdə BMT-nin Təhlükəsizlik Şurasına, İnsan Hüquqları üzrə Komissiyasına və digər mühüm strukturlarına üzv seçilib.
Sonra BMT-nin baş katibi Antonio Quterreşin video müraciəti səsləndirilib.
Tədbir konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB