"Müstəqilliyimizin bərpasına gedən yol heç də asan başa gəlməyib" AÇIQLAMA

"Azərbaycan xalqı tarix boyu öz müstəqilliyi uğrunda şərəflə mübarizə aparıb. Xalqımız tarix boyu çətinliklərlə, faciələrlə üzləşsə də, bütün bunlar onu azadlıq mübarizəsindən döndərə bilməyib. 18 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqiliyinin bərpa olunması bu mübarizələrin nəticəsidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı XX əsrin əvvəlində Xalq Cümhuriyyətini yarada bilsə də, müəyyən səbəblərə görə müstəqiliyimizi itirdik: "Lakin əsrin sonunda yenidən onu qazanmaq imkanımız oldu. Təbii ki, müstəqilliyimizin bərpasına gedən yol heç də asan başa gəlmədi. Bu, yaxın tariximiz olduğu üçün hər kəs hansı ağrılı-acılı məqamların yaşandığını yaxşı bilir. Ən əsas problem odur ki, torpaqlarımız Ermənistan tərəfindən işğal olunub, 1 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb. Amma bu gün Azərbaycan güclü dövlətdir və onun müstəqilliyinin dönməzliyi təmin edilib. İnanırıq ki, güclənən Azərbaycan öz torpaqlarını işğalçılardan azad edəcək. Dövlətimizin rəhbərliyi bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir".

Qeyd edək ki, bu gün 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası günüdür.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...