Rusiyanın Ermənistana silah satması bölgədəki vəziyyətə müsbət təsir edə bilməz TƏHLİL

Rusiyanın Ermənistana silah satması bölgədəki vəziyyətə müsbət təsir edə bilməz TƏHLİL

Şimal qonşumuz Qarabağ münaqişəsinin həlli istiqamətində həmsədr ölkəsi olaraq səmimiyyətini kölgə altında qoyur

Bu günlərdə bəlli oldu ki, hələ iki il öncə - 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün öz üzərinə 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Belə ki, Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Kredit paketinə əsaslanan müqaviləyə görə, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Beləliklə, həmin vəsaitə Ermənistanın “Smerç” reaktiv sistemləri, “İqla - S” zenit raket kompleksləri, “Avtobaza - M” radiotexniki kəşviyyat kompleksləri, TOC – 1A “Solnsepyok” ağır odsaçan sistemləri və digər sursatlar almaq imkanı yaranır. Lakin o da bəllidir ki, Rusiya Ermənistanı müasir silahlarla təchiz edir, təcavüzkar və işğalçı dövlətin hərbi potensialını gücləndirməyə çalışır. Bu amil isə, Şimal qonşumuzun Qarabağ münaqişəsinin həlli istiqamətində həmsədr ölkəsi olaraq səmimiyyətini kölgə altında qoymuş olur. Yəni, Rusiya Ermənistana silah satmaqla ATƏT-in Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərini kobudcasına pozur, münaqişə tərəflərinin birinə hərtərəfli yardım göstərməklə bitərəflik tələbinə əməl etmədiyini açıq şəkildə sərgiləyir. O cümlədən, Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanla olan dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə də ziddir. Belə olmasa idi, mövcud reallıq baş verməz, Rusiya həmsədr ölkə olaraq, vəzifəsinin öhdəsindən gəlməyə cəhdlər göstərərdi.

Lakin bütün bunların yerinə biz, Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç də bitərəf olmadığının şahidlərinə çevrilir, xüsusilə daha çox Ermənistanın maraqlarına uyğun hərəkət etdiyini görürük.

Digər tərəfdən, Azərbaycan ictimaiyyəti yalnız bu məsələdə deyil, digər hallarda da Rusiyanın ölkəmizə qarşı qeyri-səmimi münasaibətlərinin şahidi olur. Məsələn, Rusiyanın Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinin dayandırılması, bu ölkənin xarici işlər nazirliyinin səsləndirdikləri və əleyhimizə yönəlmiş müxtəlif bəyanatları nümayiş etdirilən mövqenin anlaşılmaz olduğunu sübuta yetirir. Yəni bütün bunlar Rusiyanın Azərbaycanla olan münasibətlərin ruhuna tamamilə zidd təsirlər göstərir.

Ona görə də işğalçı Ermənistanla son kredit müqaqviləsinin reallaşdırılması amili təcavüzkarın işğalçılıq siyasətinin bilavasitə həvəsləndirilməsinə xidmət edir, üstəlik, beynəlxalq hüququn tələblərini kobud şəkildə pozur.

Habelə, Rusiyanın Ermənistanı silahlandırması regiondakı təhlükəsizliyi də ciddi təhdid edir və gərginliyin daha da artmasını stimullaşdırır. Buna misal kimi, ötən ilin Aprel müharibəsini göstərmək olar ki, məhz qeyd edilən məsələlərdən doğan aqressiyanın qarşısının alınması üçün Azərbaycan Ordusu işğalçı Ermənistana layiqli cavab vermiş oldu, işğal altındakı ərazilərimizin bir qismi atəşkəsin pozulması nəticəsində düşmən tapdağından azad edildi. Həmin vaxt Ermənistanın yalvarışları, o cümlədən, Rusiya və beynəlxalq aləmin səyləri nəticəsində müharibənin qarşısı alındı. Bu baxımdan, Rusiyanın yenidən Ermənistana silah satması Azərbaycanın gələcəkdə öz torpaqlarını güc yolu ilə azad edilməsi faktorunu növbəti dəfə qabarda bilər.

Belə olan vəziyyətdə, Azərbaycan dövləti və ictimaiyyəti Rusiyadan daha ölçülüb-biçilmiş siyasət yürüdülməsini, işğalçı Ermənistana yardımlarını dayandırmasını və ATƏT MQ həmsədri kimi öz missiyasını və üzərinə düşən öhdəliklərini yerinə yetirməsini gözləyir. Bu, Rusiyanın tərkibində olduğu qurumdakı ümdə vəzifələrindən biridir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə