“Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə dövlət maraqlarımız, milli mənafeyimiz üçün çox əhəmiyyətli məsələlərə həsr olunmuşdu. Hər zaman olduğu kimi, ölkəmizin əsas həyatının gündəmi həmin iclasda müzakirə edildi. Orada verilən qərarlar, göstəriş və tapşırıqlar, eləcə də iclasdan sonra müxtəlif hökumət strukturları ilə bağlı atılacaq addımların bir daha da müəyyənləşdirilməsi qarşıdakı dönəmdə istər iqtisadi, istər sosial, istərsə də beynəlxalq sferada daha mühüm addımların atılmasına imkan yaradacaq”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.
Ölkə başçısının müşavirə zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinə toxunan deputat söyləyib ki, Azərbaycan Prezidenti müşavirə zamanı cəmiyyətə real durumun nə yerdə olması ilə bağlı məlumat verdi: “Faktiki olaraq Ermənistanın təxminən 1 il müddətində danışıqlardan tamamilə çıxması onların hansı şəraitdə dialoqa qayıdacaqları ilə bağlı suallar yaratmışdı. Düşmən ölkə bir neçə şərtlər irəli sürmüşdü. Onlar ilk növbədə düşünürdülər ki, təmas xətti boyunca xüsusi monitorlar yerləşdiriləcək, hər bir atılan güllənin fiksasiyası baş verəcək və nəticədə bunu həyata keçirən tərəf xüsusi fakt araşdırıcı qüvvələr, beynəlxalq missiya vasitəsilə cəzalandırılacaq. Təbii ki, bunu təyin etmək çox çətin idi. İkincisi, Ermənistan tərəfindən aprel döyüşlərində Azərbaycanın ələ keçirdiyi mövqelərin geri qaytarılması, 90-cı illərin birinci Qarabağ müharibəsində olan nəticələrin bərpa edilməsi şərti də irəli sürülürdü. Hətta Serj Sarkisyan dəfələrlə bu məsələni dilə gətirmişdi. Üçüncü məsələ isə, Azərbaycanın aprel döyüşlərinə görə cavabdehliyi istənilmişdi ki, bununla bağlı Sankt-Peterburq, Vyanada aparılan danışıqlar zamanı Ermənistan tərəfi çox kəskin etirazlar səsləndirmişdi”.
Z. Orucun sözlərinə görə, Azərbaycan prezidentinin ötən gün Nazirlər Kabinetinin iclasında bəyan etdiyi məsələlərdən də aydın oldu ki, ölkə başçısı xalqımızın məsələ ilə bağlı iradəsini həm danışıqlarda, həm də siyasi görüşlərdə ən kəskin şəkildə ifadə edib: “Digər tərəfdən erməni tərəfi gördü ki, əgər prezidentlər, siyasi elitalar danışmasa, səngərdə silahlar danışacaq. Ermənistan üçün Azərbaycanla ayaqlaşmaq çox çətindir. Bir müddət öncə silahların danışması və hərbi kompanentin önə keçməsi hazırda danışıqlarla əvəz olunub. Hesab edirəm ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında məhz bu məsələləri nəzərdə tuturdu”.
Deputat hesab edir ki, aprel döyüşlərindən sonra keçiriləcək danışıqlar Azərbaycanın hərbi, siyasi mövqeyinin üstün olması səviyyəsində keçəcək: “Bu, çox əhəmiyyətli hadisədir. Çünki birinci Qarabağ savaşındakı məğlubiyyət siyasi mövqeyimizi çox ciddi zərbə altında qoyur, məsələnin həllində maksimum nəticələr əldə etməyə mane olurdu. Lakin hazırda hərbi kompanent güclənib. Bu da danışıqlarda ölləmizin mövqeyini daha da gücləndirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB