Spiker: "Bu ikili standartlar həqiqətən də bizi yorur"

Spiker: "Bu ikili standartlar həqiqətən də bizi yorur"

“Kristian Vigen kimi insanların Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olması düzgün deyil”. SİA-nın xəbərinə görə, bunu spiker Oqtay Əsədov Milli Məclisin payız sessiyasının ilk plenar iclasında çıxışı edərkən deyib.

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin bu yaxınlarda Azərbaycana səfər etdiyini deyən O. Əsədov söyləyib ki, Vigen səfər zamanı parlamentdə və qeyri-hökumət təşkilatları ilə görüşlər keçirəcəyini demişdi: "Lakin dedikləri sözlərin hamısı saxta və yalan idi. O, Azərbaycandan sonra Ermənistana getdi və düşmən ölkə rəhbərliyi ilə görüşdü. Separatçı rejimlə bir stolda oturdu. Bu ikili standartlar həqiqətən də bizi yorur. Kristian Vigen kimi insanların Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olması düzgün deyil. Tərəfli mövqe tutan insanların bu cür postlarda vəzifə tutması səviyyəsizlikdir. Biz belə məsələlərə çox rast gəlmişik. O ölkəmizdə səfərdə olanda təkliflə çıxış etdik ki, ATƏT-in Minsk qupunun tərkibi genişləndirilsin. O, buna razılığını bildirdi. Azərbaycanda bir, Ermənistanda başqa söz danışırlar. Bunlar faktdır”.

O.Əsədov qeyd edib ki, Azərbaycan parlamentinin ATƏT PA-dakı nümayəndə heyəti tam tərkibdə Andorrada ATƏT-in iclasında iştirak edir və orada Azərbaycanla bağlı təkliflər irəli sürəcəklər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə