Məmməd Əlizadə: “Kiçik qayda pozuntularına baxmayaraq, ümumilikdə seçkiqabağı mühit normaldır” - MÜNASİBƏT
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) 7 Noyabr 2010-cu il tarixinə təyin edilmiş parlament seçkilərində irəli sürdüyü namizədlərdən 8-nin deputatlığa namizədliyi qeydə alınıb. SİA-ya açıqlamasında bu haqda məlumat verən partiyanın sədri Məmməd Əlizadə partiyanın irəli sürdüyü namizədlərdən 51-nin imza vərəqələrini təhvil verdiyini bildirib. 15 namizədin imzatoplama kampaniyasını davam etdirdiyini deyən DADP sədri namizədliyi irəli sürülən 10 şəxsin sənədlərinin hazırlandığını qeyd edib.
Partiya qərarı olmadan namizədliyini irəli sürən şəxslərə hansı münasibətin göstərilməsinə gəlincə, M.Əlizadə bu cür şəxslərin cəzalandırılmasına müsbət yanaşmadığını dilə gətirib. Müsavat Partiyası Seçki Departamentinin rəhbəri Gülağa Aslanlının bu cür şəxslərin cəzalandırılacağı ilə bağlı mətbuata açıqlamasına toxunan M.Əlizadə demokratik cəmiyyətlərə uyğun olaraq addım atılmasının tərəfdarı olduğunu deyib: "Bu məsələdə partiyanın üzvlərinə sərbəstlik verilməlidir. Ancaq daha yaxşı olardı ki, partiyanın üzvləri partiyanın siyahısında seçkilərə getsin. Sevindirici haldır ki, Demokratik Azərbaycan Dünyası Partiyasının üzvləri ümumi siyahı ilə seçkilərə qatılıb".
M.Əlizadə dairə seçki komissiyalarında müşahidə olunan kiçik qayda pozuntulara baxmayaraq ümumilikdə seçki qabağı mühitin normal olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB