Əli Əhmədov: “Qarşıdan gələn parlament seçkiləri Azərbaycanda demokratiyanın inkişafı istiqamətində atılan əhəmiyyətli bir addım olacaq” - MÖVQE

Bu gün Azərbaycan ciddi bir siyasi dövrünü yaşayır. SİA-nın verdiyi xəbərə görə, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib. Parlament seçkilərinin bir aydan bir az çox vaxt qaldığını xatırladan Ə.Əhmədov hazırda Milli Məclisdə təmsil olunan millət vəkillərinin qarşıdan gələn parlament seçkilərinə qoşulmasından məmnunluq duyduğunu dilə gətirib.

"O cümlədən də Azərbaycan Parlamentinin çoxluğunu təşkil edən Yeni Azərbaycan Partiyasının deputat korpusunun da əksəriyyəti qarşıdan gələn seçkilərə qoşulub. Mən inanmaq istəyirəm ki, partiyamızın irəli sürdüyü namizədlər yenidən seçilmək hüququ əldə edəcəklər. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, YAP-ı təmsil edərək 5 il müddətində fəaliyyət göstərib və qarşıdan gələn parlament seçkilərinə qatılmayan digər insanların da hər biri yenə də bizimlə çiyin-çiyinə, Azərbaycan dövlətinə, xalqına xidmət etmək sahəsində fəaliyyətlərini davam etdirə bilərlər. Qarşıdan gələn parlament seçkiləri Azərbaycanda demokratiyanın inkişafı istiqamətində atılan əhəmiyyətli bir addım olacaq", - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə