Azərbaycan Prezidenti Almaniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Prezidenti Almaniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herbert Kvellenin etimadnaməsini qəbul edib.

SİA-nın məlumatına görə, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib. Herbert Kvellen etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Almaniya arasında uzun tarixə malik olan ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanın Almaniya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən Prezident İlham Əliyev ölkələrimiz arasında mövcud münasibətlərin bundan sonra daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Səfirə fəaliyyətində uğurlar arzulayan dövlətimizin başçısı onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Səfir Herbert Kvellen ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif sahələrdə inkişafına, o cümlədən enerji sahəsində əməkdaşlığa böyük önəm verdiyini deyib. Səfir ölkəmizdə diplomatik fəaliyyəti dövründə Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin daha da dərinləşməsi və sürətlənməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə