Türkiyə ilə Azərbaycan arasında ekoloji sahədə əməkdaşlıq haqqında memorandum imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında ekoloji sahədə əməkdaşlıq haqqında memorandum imzalanacaq
Gəncliyin Elmi Mədəni İnkişafı (GEMİ) İctimai Birliyində ALYANS–Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin Türkdilli ölkələrin ekoloji təşkilatları ilə iş birliyinin müzakirəsi davam etdirilib. ALYANS – Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, layihə çərçivəsində görülən işlər və gələcək perspektivliklər müzakirə olunub. Görüşün əsas məqsədi türk ölkələri arasında Eko ALYANS-ın yaradılmasında yeniliklər və növbəti görüləcək işlər ilə bağlı müzakirələrin davam etdirilməsi idi. Müzakirələr zamanı ALYANS-ın yaradılması ilə bağlı görüləcək işlər sırasında Türkiyədən gələcək nümayəndə heyəti ilə görüş və layihənin Bakı görüşünün xüsusiyyətləri müzakirə olunub.

Görüş zamanı çıxış edən Alyansın rəhbəri və təşəbbüsün müəllifi Mənsurə Rəsulzadə Türkiyədən gələcək nümayəndə heyəti sırasında EkoAvrasya qurumun sədri Hikmət Ərənin və digər, hələlik açıqlanmayan əlaqədar qrumların nümayəndələri olduğunu bildirib. Tez bir zamanda digər Türkdilli ölkələrin nümayəndləri ilə əlaqələrin inkişaf etdirilməsinin və yerli ekspertlərin seçilib təyin edilməsini qeyd edib.

Layihənin ekoloji məsələlər üzrə koordinatoru Vasif Vəliyev Azərbaycana gələcək nümayəndə heyəti ilə görüşün proqramının hazırlanması üçün təkliflər irəli sürüb. Sonra alyansın koordinatorları Elmir Səlimov, Sumara Əliyeva, Elşən Rəhimov və Səbinə İsmayılova oktyabr ayında keçiriləcək görüş haqqında öz düşüncələrini açıqlayıb və hər biri öz təkliflərini irəli sürüblər.

Sonda oktyabr ayında keçiriləcək görüşlə bağlı danışıqların davam etdirilməsi və keçiriləcək görüşlər zamanı Türkiyənin EkoAvrasya təşkilatı ilə əməkdaşlıq müqaviləsinin hazırlanması qərara alınıb.

Qeyd edək ki, ilk dəfə Türk ölkələri arasında Ekoloji alyansın yaradılması təşəbbüsü ALYANS – Canlı Aləmin Mühafizəsi İctimai Birliyi tərəfindən irəli sürülüb və təkliflər Türk ölkələrində fəaliyyət göstərən müvafiq qurumlara göndərilib. Artıq layihəyə bəzi Türkdilli ölkələrin QHT-ri qoşulub və layihənin adı "İki Dəniz Eko Alyansı" (İDEA) olaraq dəyişdirilib. Vurğulamaq istəyirik ki, layihənin məramı qoşulacaq ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli möhkəmləndirilməsi, üzv ölkələrin ortaya çıxa biləcək ekoloji problemlərini ALYANS halında, effektiv yollarla həllinə nail olmaqdır. Oktyabrın ilk həftəsində Türkiyədən Azərbaycan səfər edəcək nümayəndələr heyəti ilə birgə layihənin müzakirə olunması və əməkdaşlıq haqqında memorandumun imzalanması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə