Rövnəq Abdullayev "Statoyl-Azərbaycan"ın rəhbəri ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev "Statoyl-Azərbaycan" şirkətinin rəhbərliyini qəbul edib. Şirkətin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Statoyl-Azərbaycan" şirkətinin prezidenti Kristian Hausken bildirib ki, onun Azərbaycandakı səlahiyyət müddəti başa çatmaq üzrədir. K.Hausken "Statoyl-Azərbaycan" şirkətinə 2007-ci ilin əvvəllərindən rəhbərlik etdiyini, bu müddətdə ARDNŞ ilə hərtərəfli və etibarlı tərəfdaşlıq münasibətlərinin inkişaf edib dərinləşməsi üçün əlindən gələni əsirgəmədiyini söyləyib. O, Azərbaycan iqtisadiyyatının, o cümlədən neft-qaz sənayesinin bu illərdə böyük inkişaf yolu keçdiyini, əldə edilən nailiyyətlərdə rəhbərlik etdiyi şirkətin əməyinin olmasından məmnunluğunu bildirib.

R.Abdullayev "Statoyl-Azərbaycan" şirkəti ilə istər "Azəri-Çıraq-Günəşli", istərsə də "Şahdəniz" layihələri üzrə səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu söyləyib və bu münasibətlərin hazırkı mərhələyə çatmasında K.Hauskenin xidmətlərini yüksək qiymətləndirib. O qeyd edib ki, "Statoyl-Azərbaycan" şirkəti ilə ARDNŞ-nin əməkdaşlığı "Şahdəniz-2" layihəsinə hazırlıq işlərinin sona çatdığı indiki dövrdə xüsusi əhəmiyyət kəsb edir.

Sonra "Statoyl-Azərbaycan" şirkətinin prezidenti Kristian Hausken öz sələfini, görüşdə iştirak edən Lars Sorenseni ARDNŞ rəhbərliyinə təqdim edərək deyib ki, o, istər mühəndis, istərsə də menecer kimi böyük təcrübəyə malikdir. "Statoyl-Azərbaycan" şirkətinin yeni təyin olunmuş prezidenti L.Sorensen indiyə qədərki əmək fəaliyyəti haqda məlumat verib və Azərbaycana təyin olunmasından şad olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...