Bu gündən BMT Baş Assambleyasında debatlara start veriləcək

Bu gündən BMT Baş Assambleyasında debatlara start veriləcək

Bu gün BMT Baş Assambleyasının 65-ci sessiyasının əsas mövzusu ümumi siyasi müzakirələr olacaq. İclası Baş Assambleyanın sədri Yozef Days və BMT-nin Baş katibi Pan Gi Mun açacaq. Ümumi siyasi müzakirələrdə əsasən beynəlxaq sülh və təhlükəsizlik, BMT-dəki islahatlar, insan hüquqları və beynəlxalq münasibətlərin digər siyasi problemləri müzakirə ediləcək. Sentyabrın 23-dən 30-nadək davam edəcək debatlar çərçivəsində ən gərgin mübahisələrdən biri ABŞ və İran prezidentlərinin Tehranın nüvə proqramı ilə bağlı qiyabi polemikası olacaq. Barak Obamanın çıxışı səhər saatlarına planlaşdırılır.

 

Günün ikinci yarısında isə Baş Assambleyaya Mahmud Əhmədinejat müraciət edəcək. Prezidentlərin bəyanatları İranla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında münasibətlərdəki yeni gərginlik yaradacaq. Çünki rəsmi Tehran agentliyin iki müfəttişini ölkəyə buraxmayıb. Bundan başqa, ötən həftə BMT-nin atom agentliyi yeni hesabat yayaraq, İranın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadan zənginləşmiş uran ehtiyatını artırdığını iddia edib.

 

Debatların ilk günündə İran və Amerika liderləri ilə yanaşı təxminən 40 natiq çıxış edəcək. Onlar arasında Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Ukrayna lideri Viktor Yanukoviç, Çin Dövlət Şurasının baş naziri Ven Tszyabao, Kanadanın hökumət başçısı Stiven Harper, Gürcüstan prezidenti Mixail Saakaşvili, İraq lideri Cəlal Tələbani və Litva prezidenti Dalya Qribauskayte də var.

 

Qeyd edək ki, bu il Baş Assambleyanın sessiyasında iştirak etmək üçün Nyu-Yorka 140-a yaxın dövlət və hökumət başçısı səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə