Kaspi Təhsil Mərkəzi 2009-2010-cu tədris ili üzrə yekun hesabat tədbiri keçirib - TƏDBİR
Bu gün Kaspi Təhsil Mərkəzi 2009-2010-cu tədris ili üzrə yekun hesabat tədbiri keçirib. SİA-nın xəbərinə görə, tədbirin rəsmi hissəsində çıxış edən Kaspi Təhsil Şurasının sədri Sona Vəliyeva mərkəzin fəaliyyəti, gördüyü işlər və uğurları barədə məlumat verib.
O bildirib ki, ənənəvi olaraq hər il keçirilən tədbirin məqsədi-təhsil şirkəti olaraq media vasitəsilə mətbuat qarşısına çıxıb 2009-2010-cu tədris ilində görülən işlər, 2010-2011-ci tədris ilində fəaliyyət istiqamətlərimizlə bağlı yeniliklər haqda məlumat verməkdir. Şura sədri vurğulayıb ki, hesabat abituriyent hazırlığı, xaricdə təhsil, xarici dil hazırlığı üzrə istiqamətləri əhatə edəcək.
Onun sözlərinə görə, Kaspi Təhsil Mərkəzi 2 il öncə-2008-ci il mayın 5-də təsis yığıncağını keçirib. "Həmin ildən etibarən Kaspi Təhsil Mərkəzi fəaliyyətə başlayıb və hər zaman öz işləri, uğurları barədə mətbuat vasitəsilə cəmiyyəti məlumatlandırır. Təhsil, tədris elə bir sahədir ki, bununla hər kəs məşğul ola bilməz. Bu işi görən şəxs təhsilə münasibətdə maarifçi olmalıdır. Təhsil, maarif işi ilə məşğul olan hər bir şəxsin məqsədi gələcəyi quran savadlı vətəndaşlar yetişdirməkdir. Mərkəzin əsas vəzifələri gənc vətəndaşların maarifçi təfəkkürünün inkişaf etdirilməsi, gələcək kadrların yetişdirilməsi, tarixi "Kaspi" adının qorunub saxlanılmasıdır.
Kaspi Təhsil Mərkəzi savadlı müəllim kollektivi, münbit dərs şəraiti, zəngin avadanlıqlara malik sinif otaqları ilə təmin olunub. Mərkəz daim inkişafdadır və uğurları ildən-ilə artır. 2008-2009-cu tədris ilində mərkəzdə təhsil alan abituriyentlərin 84%-i ali məktəblərə daxil olub. 20 nəfər isə xaricdə təhsil almağa göndərilib.
2009-2010-cu tədris ilində isə mərkəzin abituriyentlərinin 94%-i tələbə adını qazanıb. Qəbul olanların 10%-i 600-700, 40%-i isə 500-550 bal toplayıb", - deyə o əlavə edib.
Tədbirin davamında çıxış edən Kaspi Təhsil Mərkəzinin direktoru Elnur Əliyev mərkəzin fəaliyyəti barədə məlumat verib. O bildirib ki, Kaspi Təhsil Mərkəzi 4 istiqamət üzrə fəaliyyət göstərir: "Kaspi-poliqlot istiqamətində əsas məsələ abituriyentlərə müxtəlif xarici dillərin öyrədilməsidir. Kaspi-qlobalda isə təhsilin xaricdə davam etdirilməsi nəzərdə tutulur. Bu il Kaspi Təhsil Mərkəzinin abituriyentləri müxtəlif xarici ölkələrdə, ən əsası isə Böyük Britaniya universitetlərində təhsil almaq hüququ qazanıb. Kaspi-professional isə abituriyentlərə peşəkar qabiliyyətlərin verilməsinə istiqamətləndirilib".
Daha sonra mərkəzin gələcək planları haqqında məlumat verən E.Əliyev qeyd edib ki, bu ildən uşaqlar üçün yeni proqramlar hazırlanıb. O bildirib ki, bu proqramda da uşaqlara xarici dilin tədrisi nəzərdə tutulub: "Bundan əlavə, bu il də mərkəz 2 beynəlxalq təhsil sərgisi keçirəcək. 2011-ci ildən isə Azərbaycanda ilk dəfə olaraq Kaspi Təhsil Mərkəzində valideynlə mərkəz arasında onlayn sistem qurulacaq. Bu sistem vasitəsilə valideynlər övladlarının təhsili haqqında ətraflı məlumat ala biləcəklər".
Tədbirin davamında Kaspi Təhsil Mərkəzinin məzunlarından yüksək bal toplayaraq ali məktəblərə daxil olan tələbələrə qiymətli hədiyyələr təqdim olunub.
Tədbirin bədii hissəsi incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB