“Media və seçkilər” və “Seçkilərin ədalətli və balanslı işıqlandırılması” adlı kitabların təqdimatı keçirilib

Avropa Şurası (AŞ) və Azərbaycan Mətbuat Şurasının (MŞ) birgə əməkdaşlığı çərçivəsində Avropa Şurası tərəfindən nəşr edilən "Media və seçkilər" və "Seçkilərin ədalətli və balanslı işıqlandırılması" adlı kitabların təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, təqdimat mərasimində çıxış edən MŞ sədri Əflatun Amaşov kitabların Azərbaycanda noyabrda baş tutacaq parlament seçkisinə dəstək üçün AŞ-ın Fəaliyyət Planı çərçivəsində nəşr olunduğunu bildirib: "Seçki öncəsi kitabların tərcümə olunaraq yayılmasına biz çox böyük önəm veririk".

 

Noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı Mətbuat Şurasında "Qaynar xətt" yaradılacağını deyən Ə.Amaşov bildirib ki, jurnalistlər seçki günü üzləşdikləri problemlər barədə məlumatları "Qaynar xətt"ə verəcəklər.

 

AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek seçkilərin işıqlandırılmasında medianın böyük rolunun olduğunu deyib. Nümayəndə qeyd edib ki, AŞ bu kitablardan əlavə olaraq, Azərbaycan jurnalistləri üçün seçkilərin işıqlandırılması ilə bağlı Bakı və regionlarda xüsusi təlimlərin keçirilməsini nəzərdə tutur: " Biz bundan əlavə olaraq eyni zamanda seçicilərin maarifləndirilməsi və fəallığı artırmaq məqsədi ilə xüsusi reklam çarxlarınıda hazırlayırıq".

 

Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə deyib ki, Azərbaycanda keçirilməsi nəzərdə tutulan parlament seçkilərində KİV-in fəaliyyəti mühüm xarakter daşıyacaq: "Buna səbəb ictimai rəyin formalaşmasında medianın rolunun böyük olmasından irəli gəlir". O, qeyd edib ki, bu günə kimi keçirilən seçkilərdə hər dəfə jurnalistlərlə bağlı qarşıdurma yaranıb. V.Səfərli bunun bir səbəbinin də jurnalistlərin mövcud qanunları və qaydaları bilməmələri ilə bağlı olduğunu qeyd edərək, kitabların çapının əhəmiyyətini vurğulayıb: "Jurnalistlərin maarifləndirilməsi qarşıdakı parlament seçkilərində bu cür problemlərin aradan qaldırılmasında mühüm köməklik göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə