Səfir xüsusi katiblə görüşüb

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistanın Xarici İşlər Nazirliyinin yeni təyin olunmuş xüsusi katibi Seyid Abrar Hüseyin ilə görüşüb.

Səfirlikdən SİA-ya verilən məlumata görə, xüsusi katibi təyinatı münasibətilə təbrik edən səfir Əlizadə Azərbaycanın Pakistanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirib.

O, bir çox oxşarlıqlara və dəyərlərə malik hər iki ölkənin bir-birini daim dəstəklədiyini, Pakistanla bütün sahələrdə əlaqələrin inkişafının prioritet olduğunu, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına, Ermənistanın Azərbaycana təcavüzünə qarşı Pakistanın nümayiş etdirdiyi ədalətli mövqeyin yüksək qiymətləndirildiyini söyləyib.

Seyid Abrar Hüseyin Azərbaycan və Pakistan kimi bir-birini dəstəkləyən ölkələrə nadir hallarda rast gəlindiyini, bu dəstəyin tarixən davam etdiyini, Azərbaycanın Pakistan üçün qardaş ölkə olduğunu və Azərbaycan torpaqlarını işğal etdiyinə görə Pakistanın bugünədək işğalçı Ermənistanı bir dövlət kimi tanımadığını vurğulayıb.

Görüşdə, həmçinin iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi istiqamətində görülən işlər, qarşılıqlı səfərlərin təşkili, iki ölkənin şəhər və regionları arasında münasibətlərin genişləndirilməsi perspektivləri, xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin davam etdirilməsi, müqavilə-hüquq bazasının artırılması və bəzi digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə