Bakı şəhər Baş Polis İdarəsi yeni dərs ilinin başlanması ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb

Yeni dərs ilinin başlanması ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsi tərəfindən xüsusi tədbirlər planı hazırlanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məluata görə, tədbirlər planı 2010 -2011-ci dərs ilin başlanması ilə əlaqədar paytaxtda ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə hazırlanıb. Tədbirlər planına əsasən, 15 Sentyabr 2010-cu il tarixindən Bakı şəhərində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərində və təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması məqsədilə post-patrul xidmətlərinin yerləşdirilməsi nəzərdə tutulub.

 

Bundan əlavə olaraq yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxt küçələrində avtomobil tıxaclarının qarşısını almaq məqsədilə yol polislərinin ayrılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçiriləcəyi bildirilib. Tədbirlər planına uyğun olaraq, texniki və yanğından mühafizənin vəziyyətini araşdırmaq məqsədilə aidiyyatı qurumların iştirakı ilə bütün təhsil müəssisələrinə baxış keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə