Niderland Parlamentinin spikeri Oqtay Əsədovla görüşüb

Niderland Parlamentinin spikeri Oqtay Əsədovla görüşüb
Azərbaycanda səfərdə olan Niderland Krallığı Senatının sədri Rene Van der Linden Milli Məclislə tanış olub. Parlamentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, senatın sədri Milli Məclisin iclas zalı, yeni inzibati binası ilə tanış olmuş, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirib. Sonra qonaq parlamentin binasındakı Heydər Əliyev Xatirə zalına baxıb, ulu öndərin həyat və fəaliyyətini, müxtəlif illərdə dünyanın nüfuzlu ictimai və siyasi xadimləri ilə görüşlərini, mötəbər beynəlxalq təşkilatlardakı çıxışlarını əks etdirən fotoları, eksponatları maraqla seyr edib. Niderland Krallığı Senatının sədri fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Daha sonra Rene Van der Linden Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Görüş zamanı qonağı salamlayan Oqtay Əsədov deyib ki, Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında münasibətlər inkişaf edir. Onun sözlərinə görə, belə yüksək səviyyəli səfərlər əlaqələrimizin möhkəmlənməsinə təkan verir. Milli Məclisin sədri Rene Van der Linden ilə əvvəlki görüşlərini, onun AŞPA-ya sədrliyi dövründə Azərbaycana daim dəstək verdiyini məmnunluqla xatırladıb. Bildirib ki, Rene Van der Linden AŞPA-ya sədrliyi dövründə olduğu kimi, yenə də Azərbaycanın dostu olaraq qalır. O. Əsədov vurğulayıb ki, ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sizin və dövlətinizin tutduğu mövqeyi də yüksək qiymətləndiririk.

Rene Van der Linden onu Azərbaycana səfərə dəvət etdikləri üçün Prezident İlham Əliyevə və Milli Məclis sədrinə minnətdarlıq edib. Senatın sədri deyib ki, Niderland Krallığı Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Onun sözlərinə görə, qlobal maliyyə böhranına baxmayaraq Niderlandın Azərbaycanda səfirliyini açması buna əyani sübutdur. o bildirib ki, bu səfərin əsas məqsədi də siyasi, iqtisadi və digər sahələrdə, xüsusən də parlamentlərarası əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaqdır. Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, beynəlxalq təşkilatlarda ümumi maraq kəsb edən məsələlərdə eyni mövqedən çıxış etmək, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə