Bu gün Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında rayon təşkilatının IX konfransı keçirilib. Konfrans Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Daha sonra Ümummili Lider Heydər Əliyevin və vətən uğrunda şəhid olmuş qəhrəmanların ruhu bir dəqiqəlik sükut ilə yad edildi.
Rayon təşkilatı tərəfindən hesabat dövrü ərzində görülən işləri, keçirilən tədbirləri əks etdirən videoçarx nümayiş olundu.
Konfransı giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov gündəlikdə duran məsələləri diqqətə çatdırdı: "23 ildən çoxdur ki, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatı təsis edilib. Yeni Azərbaycan Partiyasının yaranmasından cəmi bir neçə ay sonra yaranan rayon təşkilatı Yeni Azərbaycan Partiyasının keçdiyi bütün çətin və ziddiyyətli yolda onunla birgə addımlamış, rayonumuzda və ölkəmizdə qazanılan uğurlara önəmli töhfələr vermişdir. Ölkəmizin ictimai-siyasi həyatında baş verən bütün proseslərdə YAP Suraxanı rayon təşkilatının fəalları ümidləri doğrultmuş, vətənimizin tərəqqisi, problemlərimizin həlli istiqamətində həyata keçirilən siyasətin uğur qazanması üçün var qüvvələrini səfərbər etmişlər.
Hesabat-seçki konfransında çıxış edən YAP Suraxanı rayon təşkilatının nəzarət-təftiş komissiyasının sədri Nənəxanım Paşayeva YAP-ın Nizamnaməsinə uyğun olaraq, rayon təşkilatında nizam-intizamın möhkəmləndirilməsi, partiyadaxili işlərin düzgün qurulması və digər sahələrdə nəzarətin təmin edildiyini diqqətə çatdırdı.
Konfransda YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP İdarə Heyətini üzvü, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, millət vəkili Ağacan Abıyev, Suraxanı rayon 114 nömrəli tam orta məktəbin direktoru Ceyran Novruzova, YAP Suraxanı rayon təşkilatı gənclər birliyinin sədri Kənan Kərimov çıxış edərək, YAP-ın yaranma tarixinə nəzər saldılar. Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, keçdiyi inkişaf yolu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlarda iştirakı
barədə geniş söhbət açdılar. Qeyd olundu ki, YAP Azərbaycan siyasi palitrasında milli- siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq, xalqımız ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir.
Konfransda çıxış edənlər rayon təşkilatı sədrinin hesabat məruzəsinin qənaətbəxş olduğunu bildirdilər.
Konfransda daha sonra təşkilati məsələlərə baxıldı. Konfrans iştirakçılarının yekdil qərarı ilə 67 nəfərdən ibarət şura, 27 nəfərdən ibarət idarə heyəti, 7 nəfərdən ibarət nəzarət-təftiş komissiyası seçildi. Vüqar Seyidov yenidən rayon təşkilatının sədri, İlqar Abbasov, Ceyran Novruzova, Mais Məmmədov və Etibar Quliyev rayon təşkilatı sədrinin müavinləri seçildilər.
Konfransda yekun qətnamə qəbul edildi.
Hesabat-seçki konfransında yekun nitq söyləyən Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov rayon təşkilatının IX konfransı münasibətilə iştirakçıları təbrik etdi və Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir siyasi tarixində mühüm rolundan danışdı. O, Ulu Öndərin ideyalarının bu gün də yaşadığını, bu ideyaları layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin hər zaman öz xalqının yanında olduğunu vurğuladı.
Sonra YAP-ın sıralarına daxil olmuş bir neçə nəfərə üzvlük vəsiqələri təqdim olundu. Suraxanı rayon icra hakimiyyəti və YAP Suraxanı rayon təşkilatı tərəfindən partiya fəallarına Fəxri fərmanlar verildi.
Nəzakət ƏLƏDDİNQIZI



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB