“The Armenian Mirror-Spectator”: “Türkiyə erməni dünyasını böhrana atması ilə indidən qələbəni təmin edib”

“The Armenian Mirror-Spectator”: “Türkiyə erməni dünyasını böhrana atması ilə indidən qələbəni təmin edib”

Turkiyənin Axtamar adasında 19 Sentyabr tarixində açılacaq erməni kilsəsi ilə bağlı bağlı müzakirələr erməni diasporunun mətbuat orqanlarının gündəmində olan əsas məsələlərdəndir. SİA-nın məlumatına görə, ABŞ-da ingiliscə nəşr olunan ilk erməni jurnalı "The Armenian Mirror-Spectator"un köşə yazarı Edmond Azadyan erməni cəmiyyəti arasındakı fikir ayrılığına toxunub.

"Kimin qazanıb kimin itirdiyini görmək üçün 19 Sentyabra qədər gözləməyə ehtiyac yoxdur" deyən Azadyan hesab edir ki, Türkiyə erməni dünyasını böhrana atması ilə indidən qələbəni təmin edib: "Türkiyə hökuməti ermənilər arasında qarışıqlıq yaratmaq üçün yeni bir şar uçurub. Qısa müddət içində erməni cəmiyyətinin başını qarışdırmaq üçün üç addım atan Türkiyə bu gün bu səylərin meyvələrini yığır. Uçurulan ilk şar bəzi ermənilərin ümidlərini yüksəldib beynəlxalq ictimaiyyəti aldatmağı bacaran protokollar oldu. İkinci şar İstanbula bir köməkçi patriarx təyin edilməsi idi. Din Şurası və Seçki Komitəsinin qurulmasına dəstək verən türklər əvvəl İstanbul ermənilərinin iki düşərgəyə bölünməsinə səbəb oldu. "Seçki"yə məhkəmədə etiraz edildi, ancaq təyin edilən Ateşyan indidən Türkiyə səlahiyyətlilərin sözlərinə görə hərəkət edir. O, özünə edilən yaxşılığın qarşılığını ödəməyə başlayıb. Üçüncü və son şar isə Vanın Axtamar adasındakı kilsədə yerinə yetiriləcək ayinlə əlaqədar şişirdilir".

E.Azadyan hesab edir ki, Türkiyə kilsəni yalnız bir ibadət yeri olaraq görmür: "Türkiyə bu fürsəti qiymətləndirərək Qərbə dini tolerantlığa malik bir ölkə olduğunu göstərmək, Avropa Birliyinə giriş müddətini sürətləndirmək və daha çox turist çəkmək istəyir. Ancaq hər şeyin əvvəl Ankara ermənilərin bir-biri ilə qarşıdurmasını görməkdən xoşlanır. Bu baxımdan qarşımızda iki yol qalır: getmək ya da getməmək. Beləliklə, ermənilər bir-birini günahlandıran və zaman- zaman Türkiyənin planlarına biganə qalan iki düşərgəyə bölünüb".

Erməni kilsəsi Eçmiədzin Axtamar kilsəsinin açılışına iki üst səviyyə din adamı göndərməyə qərar verib. Erməni Kilsəsinin patriği II Kareginin mətbuat xidmətinin rəhbəri Vahram Melikyan Axtamarda keçiriləcək tədbiri boykot edilməsi ilə bağlı çağırış edib. O, "əgər bizə əsrlərdir məbəd olan, ancaq bu gün bəzi səbəblərə görə dua edə bilmədiyimiz bu yerə getmək fürsəti verilibsə, tək bir gün üçün haqqlarımızı və bu məbədə sahib olduğumuzu ortaya qoymaq üçün iştirak etməməliyik" deyib.

Ermənistan prezidenti Serj Sarkisyanın iqtidardakı Respublika Partiyasının mətbuat katibi Eduard Şaramazov Türkiyə hökumətinin bu addımını bir reklam nümayişi olaraq xarakterizə edib və bunu beynəlxalq ictimaiyyəti səhv istiqamətləndirəcək bir "təxribat" kimi qiymətləndirib. Türkiyənin sentyabrın 19-da bir yaxşı niyyət göstəricisi olaraq sərhədi bir günlüyünə açacağı ilə bağlı informasiyaların yayıldığını deyən Azadyan bu ümidlərin Ankara tərəfindən 11-17 Sentyabr tarixlərində Ermənistanda keçiriləcək NATO hərbi təlimləri üçün belə sərhədi açacağını rədd etməsi ilə suya düşdüyünü bildirib.

O, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu türklərin ehtiyac olduğu halda bütün təchizatını Gürcüstan vasitəsilə keçirəcəyi ilə bağlı açıqlamasını xatırladıb: "Türk diplomatlar və dövlət adamları çox hiyləgərdir. Nə etdiklərini bilirlər və Ermənistanın reaksiyasını qabaqlamaq üçün ölçülmüş addımlar atırlar. Bir sözlə Türkiyə düşmənlərini bölünmüş olaraq görməkdən çox məmnundur".

Qeyd edək ki, Türkiyə hökuməti tərəfindən 2 milyon 600 min lira (1 milyon 352 min manat) vəsaitlə bərpa olunan kilsənin 2007-ci ilin aprel ayında açılışı olmuşdu. Baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən açılışı olan Axtamar kilsəsindən ibadət üçün istifadə olunub-olunmaması isə geniş müzakirə mövzusu olmuşdu.

Xatırladaq ki, IX əsr memarlıq abidəsi olan Axtamar kilsəsi Van gölundəki kilsə ilə eyni adlı adada yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə