İlk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəb ləvazimatları paylanıb

İlk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəb ləvazimatları paylanıb
Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) 2010-2011- tədris ilində ilk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatları verib. SİA-nın məlumatına görə, tədbirdə BŞGİBİ-nın rəis müavini Aydın Yusifov, gənclərlə iş sektorunun müdiri Nəcəf Novruzov və Bakının 11 rayonundan olan ilk dəfə məktəbə gedən aztəminatlı ailələrin uşaqları iştirak ediblər.

Tədbir qabağı jurnalistlərə açıqlama verən N. Novruzov bildirib ki, BŞGİBİ artıq 4 ildir ki, ilk dəfə məktəbə gedən qaçqın və məcburi köçkün, aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatları verir. Onun sözlərinə görə, idarə bu il Bakının 11 rayonundan olan 150 nəfərdən çox uşağı mükafatlandıracaq. BŞGİBİ-nin bununla kifayətlənmədiyini dilə gətirən N. Norvruzov söyləyib ki, qurum həmçinin SOS uşaq kəndinin uşaqlarına, Xocalı rayonunu təmsil edən 20 uşağa məktəb ləvazimatları paylayacaq.

Daha sonra tədbirdə çıxış edən BŞGİBİ-nin rəis müavini Aydın Yusifov deyib ki, qurum tərəfindən həyata keçirilən belə mərasimlər ənənəvi olaraq davam etdiriləcək.
Tədbirin davamında uşaqlara məktəbli çantası və məktəb ləvazimatları paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə