"Məscidlə bağlı gərginlik məqsədli şəkildə yaradılır" MÖVQE

"Məscidlə bağlı gərginlik məqsədli şəkildə yaradılır" MÖVQE

"Məscidlə bağlı gərginlik yaradanlar məqsədli şəkildə məsələyə dini-siyasi çalar verərək dindarlar arasında dövlətə münasibətdə narazılıq yaratmağa çalışırlar". Bunu SİA-ya açıqlamasında siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.

Hacı Cavad məscidinin tarixi abidə olmadığını deyən siyasi şərhçi söyləyib ki, Azərbaycan dövləti hər zaman məscidləri, eləcə də digər dinlərə məxsus tikililərə kifayət qədər dəstək verir: "Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur ki, bu da insanların ibadət etməsi üçün kifayət qədər yerlərin olduğunu göstərir. Bu aspektdən məscidin sökülməsi ilə bağlı səslənən fikirlərin heç bir əsası yoxdur. Əksinə həmin ərazidə şəhərin obrazına yaraşan gözəl bir layihə həyata keçirilir. Bu layihə Bakının gözəlliyinə daha da rəng qatacaq. İnsanlar bu barədə düşünməkdənsə, olduqca mənasız, əhəmiyyətsiz fikirlər söyləyirlər".

E. Mirzəbəyli söyləyib ki, Azərbaycan dövləti əgər hər hansı məscidi, ibadət yerini sökürsə, onun əvəzində onlarla məscid tikir: "Hacı Cavad məscidinin ətrafında da dindarların ibadət etməsi üçün kifayət qədər məscid var. Ölkənin mərkəzi məscidi sayılan Təzəpir məscidi yaxınlıqdadır. Eyni zamanda, yaxınlıqda tarixi və böyük məscidlər olan "İmam Hüseyn", "Qasım bəy", "Hacı Sultanəli" və "Xanım Zəhra" məscidləri var. Namazlarda bu məscidlərdə heç də sıxlıq müşahidə olunmur".

"Əgər bu insanlar hər hansı bir məktəbin, səhiyyə ocağının tikilməsi üçün bu qədər canfəşanlıq etsəydilər, bu insanların mövqeyini alqışlamaq olardı. Hansı ki Azərbaycan dövləti həm məktəb, həm səhiyyə müəssisələri tikir. Əslində təhsil, səhiyyə hər şeydən önəmlidir. Onlar insanın mənəvi ruhunu qidalandıran amillərdir. Bu qədər bəsit amillərdən asılıb qalan insanlar feodal dövründən qalan və həmin dövrün qalıqları olan insanlardır" –deyə, siyasi-şərhçi əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə