“Lokal müharibənin olması istisna deyil” AÇIQLAMA

“Lokal müharibənin olması istisna deyil” AÇIQLAMA

"Erməni müxalif düşərgənin təcrübəli siyasətçiləri özləri də etiraf edirlər ki, keçirilən saxta seçkilərdən sonra Ermənistanı çətin sınaqlar gözləyir. Vəziyyət də onu göstərir ki, düşmən ölkənin siyasi elitası cəmiyyəti hərbi vəziyyətə hazırlayır". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Ermənistan cəmiyyətinin budəfəki seçkilərdə uduzduğunu deyən politoloq bildirib ki, onların ümidi gələn il keçiriləcək prezident seçkilərinə qalıb: "Ümumiyyətlə, Ermənistan cəmiyyətinin müqavimət göstərmək gücü getdikcə azalır ki, bu da orada vəziyyətin daha da gərginləşməsinə səbəb olur".

Azərbaycan və Ermənistanda müharibə hazırlığının getdiyini deyən İ.Vəlizadə bildirib ki, bu, tezliklə müharibənin olacağı anlamına gəlməməlidir: "Cəbhə xəttində atəşkəsin pozulma hallarının artması hər an müharibə dərəcəsini artıra bilər. Azərbaycan tərəfi hər zaman sülh tərəfdarı olduğunu açıqlayır və buna əməl edir. Lakin Ermənistan tərəfinin təxribatları hər an müharibənin olmasına məcbur edə bilər. Düşmən ölkə ötən il Rusiyadan aldığı kreditlər hesabına əldə etdiyi silahların bir qismini Dağlıq Qarabağda, bir qismini isə Ermənistanda yerləşdirməklə yanaşı, Azərbaycanı da hədələməkdən çəkinmir. Belə vəziyyətdə onlardan hər an təxribat gözləmək olar ki, bu da nəticə etibarı ilə lokal müharibəyə səbəb ola bilər. Azərbaycanın lokal müharibədə qalib gəlməsi üçün bütün imkan və gücü var. Lakin bir daha bildirirəm ki, müharibənin olması Azərbaycandan deyil, Ermənistanın cəbhədə törətdiyi təxribatlardan asılıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə