“Qarabağa qanunsuz səfər edənlərə qarşı Azərbaycan qətiyyətli mövqeyini davam etdirəcək”

"Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çox vacib məsələlərə diqqət çəkib. Bunların arasında ölkədə iqtisadi islahatlarla bağlı olan məsələlər xüsusi yer alır". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib. O bildirib ki, dövlət başçısı həmçinin bir daha xəbərdarlıq edib ki, ölkədə süni qiymət artımına yol verilməməli, əhalinin aztəminatlı təbəqələri xüsusi olaraq nəzərə alınmalıdır: "Prezident sosial məsələlərə xüsusi diqqət ayırıb. Eyni zamanda ölkənin turizm potensialının genişləndirilməsi istiqamətində atılan addımlara xüsusi diqqət çəkib. Bununla bağlı hər zaman olduğu kimi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesi, həmçinin işğaldan azad edilmiş torpaqlarda bərpa, quruculuq, abadlıq işlərinin görülməsi də dövlət başçısının nitqində səslənib. Müşavirə zamanı ölkə rəhbəri Azərbaycanın ərazi bütövlüyünü pozan, ölkə qanunvericiliyinə əməl etməyən, Dağlıq Qarabağa qanunsuz səfər etmiş şəxslərə qarşı da Azərbaycanın bundan sonra da qətiyyətli mövqe nümayiş etdirəcəyini bildirib. Hesab edirəm ki, dövlət başçısının çıxışı ölkəmizdə aparılacaq islahatların intensiv şəkildə həyata keçirlməsi üçün bir yol xəritəsi olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə