Siyavuş Novruzov: "Bu, Azərbaycan mentalitetinə zidd olan məsələlərdir"

"Azəbaycanda ayrı-ayrı strukturlar insan alverinə qarşı mübarizə aparır ki, bu da ümumilikdə mübarizənin effektivliyini artırır. Lakin bu mübarizə daimi olmalıdır. İctimaiyyətin də dəstəyi vacib məqamlardandır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisdə 2016-cı ildə Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı hesabatın müzakirəsi zamanı deyib.

İnsan alverinin obyektiv və subyektiv səbəblərinin olduğunu deyən deputat söyləyib ki, Azərbaycandakı milli-mənəvi dəyərlər ölkəmizdə insan alverinin qarşısının alınmasına kömək edir: "Dünyada baş verən hadisələr, müharibələr nəticəsində miqrantların qaçqın şəklində başqa ölkələrə köçməsi və onların insan alverinin qurbanı kimi istifadə olunması hallarını görürük. Son vaxtlar mətbuatımızda qaçırılma xəbərlərinə rast gəlirik. Bu məsələlər bilavasitə Azərbaycan mentalitetinə zidd olan məsələlərdir. Ona görə də hesab edirəm ki, burada ictimaiyyətin qınağı, nəzarəti, xüsusilə də KİV-in rolu vacib şərtlərdəndir. Bu işlər hüquq mühafizə orqanları ilə bərabər şəkildə aparılmalıdır ki, insanların münasibəti ortaya çıxsın. Burada pulun olması insanları bu işə daha çox cəlb edir ki, bu da nəticə etibarilə həm azyaşılıların, həm də digərlərinin insan alverinin qurbanına çevrilməsi faktlarını ortaya çıxarır".

S. Novruzov qeyd edib ki, növbəti qanunda miqrasiya kartları ilə bağlı məsələnin yer alması da insan alverinin qarşısının alınmasına yönəlib: "Burada miqrantların qeydiyyat məsələsinə də ciddi şəkildə diqqət edilməlidir. Təhlükəsizlik, milli-mənəvi dəyərlərimizin qorunması baxımından bu addımların atılması mütləqdir. Biz bu məsələyə hərtərəfli şəkildə diqqət etməliyik ki, dünyada bununla bağlı baş verənlər ölkəmizə transfer etməsin. Burada hər bir vətəndaşın üzərinə də ciddi vəzifə düşür. Vətəndaşlarımız burada ayıq-sayıq olub, aiddiyatı orqanlarla əlbir şəkildə insanların bu alverin qurbanına çevrilməməsi üçün mübarizə aparmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...