“Beynəlxalq ictimaiyyət Qarabağ münaqişəsinin həllinə ikili standartlarla yanaşır”

“Beynəlxalq ictimaiyyət Qarabağ münaqişəsinin həllinə ikili standartlarla yanaşır”

"Miqrasiya və qaçqın problemi beynəlxalq ictimaiyyəti narahat edən məsələlərdən biridir. Həmin problemlər birgəyaşamı və beynəlxalq əməkdaşlığı zəruri edir". SİA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin bu gün Bakıda keçirilən iclasında deyib. Nazir müavini bildirib ki, miqrasiya və qaçqın problemi beynəlxalq təhlükəsizliyi təhdid edir, ölkələrin siyasi, sosial, iqtisadi inkişafına təsir göstərir: "Bu problem beynəlxalq və regional sülhə, inkişafa təhlükə törədir. Problemin kökündə milli zəmində ərazi iddiasına əsaslanan münaqişlər, qondarma separatçı rejimlərin yaradılması dayanır".

X.Xələfov deyib ki, müstəqilliyi bərpa edəndən sonra Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalıb və ərazilərin 20 faizi işğal olunub: "Bunun nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün problemi yaranıb və regionda humanitar problemlər dərinləşib".

Nazir müavini bildirib ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxılaşdırılması sahəsində nəzərəçarpacaq irəliləyiş əldə edib: "Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin həyatının yaxşılaşdırılması ilə bağlı tədbirlər həyata keçirir. Lakin həmin insanların hüquqları tam şəkildə doğma torpaqlarına qayıtmaları ilə bərpa ediləcək. Məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz qayıtması üçün Azərbaycan böyük qayıdış proqramı tərtib edib. Bu yaxınlarda Cəbrayılda işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasına başlanıb və həmin kəndə insanların ədalətli və təhlükəsiz şəkildə qayıtması təmin ediləcək".

Nazir müavini bildirib ki, Azərbaycanın işğal edilmiş əraziləri Ermənistan tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsi, insan və silah alveri üçün istifadə edilir: "Azərbaycan BMT-dən bunun qarşısını almaq üçün tədbirlərin görülməsini xahiş edib".

X.Xələfov vurğulayıb ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili standartlarla yanaşır və bu da münasqişənin həllini yubadır. X. Xələfovun sözlərinə görə, Ermənistanın məqsədli məskunlaşma siyasəti beynəlxalq hüquqa görə müharibə cinayətidir: "Ermənistan tərəfindən Suriya və Livandan olan ermənilərin işğal olunmuş ərazilərimizə köçürülməsi təşviq edilir. Ermənistanın bu avantürasına beynəlxalq qiymət verilməlidir. Azərbaycan işğal olunmuş ərazilərini tezliklə azad edəcək, qaçqın və məcburi köçkünlərin problemləri həllini tapacaq. Beynəlxalq birlik bu məsələdə Azərbaycana dəstək verməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə