Politoloq: "Nalbandyan Lavrovla Azərbaycanı sakitləşdirməyə çalışır" AÇIQLAMA
"Ermənistanın XİN başçısı Edvard Nalbadyanın Moskvaya səfər etməsində məqsəd Dağlıq Qarabağ münaqişəsinin həll etmək deyil, əksinə məsələnin həllini uzatmaqdır". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Nalbadyanın Moskvaya təcili getmə səbəblərini açıqlayan politoloq bildirib ki, burada əsas səbəb son iki gündə Azərbaycan ordusunun Ağdamın Yusifcanlı və Bayramlı kəndlərini işğaldan azad etməsidir: "Ermənilər artıq çox yaxşı başa düşür ki, onlar Azərbaycanın ordusunun qarşısında dura bilməyəcək, ordumuz tezliklə təkcə ətraf kəndləri deyil, Dağlıq Qarabağı da azad etmək gücündədir. Nalbadyan da Moskvaya səfər edərək Lavrovla Azərbaycanın xarici siyasətini qabaqlamaq üçün yeni taktika hazırlamaq istəyir. Onlar Azərbaycanı sakitləşdirməyə, ölkəmizin mövqeyini bir az da yumşaltmağa çalışacaqlar".
C.Nuriyevin sözlərinə görə, Ermənistan əsas istəyi apreldə keçiriləcək parlament seçkilərinə qədər vaxt qazanmaqdır: "Çünki Sarkisyan yenidən hakimiyyətə gəlmək istəyir. Bilirsiniz ki, son zamanlar Ermənistanın daxilində qarşıdurma yüksək səviyyəyə çatıb. Qarabağ erməniləri ilə Ermənistan erməniləri bir-birilərini qəbul etmək istəmir. Lakin bu onların istəyidir. Məsələ ilə bağlı Azərbaycanın öz mövqeyi var. Moskvada Azərbaycan və Ermənistan XİN başçıları arasında keçiriləcək görüşdə Elmar Məmmədyarov da ölkəmizin mövqeyini bir daha ortaya qoyacaq. Azərbaycan Dağlıq Qarabağa status verə bilər. Həm Madrid, həm Kazan həm də digər prinsiplərdə ölkəmizin ərazi bütövlüyü öz əksini tapıb. Görüşün nəticələri haqqında əvvəlcədən konkret söz demək çətin olsa da, arzu edirik ki, budəfəki görüşdə müsbət tendensiyalar əldə olunsun".
Məlumat üçün nəzərinizə çatdıraq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada erməni həmkarı Edvard Nalbandyanla görüşəcək. Nazirlər ikitərəfli münasibətlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə edəcəklər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da Rusiyaya səfəri planlaşdırılır. Rusiya XİN-in yaydığı məlumata görə, bu məsələ Lavrovun müavini Qriqori Karasinlə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu arasında keçirilən görüşü zamanı müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB