Umud Rəhimoğlu: "Cocuq Mərcanlıya gənclərimizin də səfərləri təşkil olunmalıdır" AÇIQLAMA

Umud Rəhimoğlu: "Cocuq Mərcanlıya gənclərimizin də səfərləri təşkil olunmalıdır" AÇIQLAMA

"Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından xarici jurnalistlərin, diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlıya səfəri ölkəmiz çox böyük önəm təşkil edir". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Ümud Rəhimoğlu deyib.

Onun sözlərinə görə, bu cür səfərlər daha çox təşkil olunmalıdır: "Cocuq Mərcanlıya təkcə diplomatik nümayəndələr, xarici jurnalistlər, səfirlər getməməli, bizim gənclərimizin də ora səfərləri təşkil olunmalıdır. Çünki, Azərbaycan Prezidentinin sərəncamı ilə həmin ərazilər tezliklə abadlaşdırılacaq və belə olan halda, Cocuq Mərcanlının indiki halı unudulacaq. Bu baxımdan hesab edirəm ki, insanlarımız həmin ərazilərin indiki halını, yəni vandalizmin nümunələrini öz gözləri ilə görməlidirlər".

U. Rəhimoğlu qeyd edib ki, Cocuq Mərcanlıya təşkil olunan səfər bir çox insanların yaddaşına iz sala bilib: "Xalqımız bu vəhşiliklərə layiq deyil. Azərbaycan dövləti, xalqımız daha gözəl, müharibəsiz və sülh şəraitində yaşamağa layiqdir. Çox təəssüf ki, bizim yerləşdiyimiz coğrafiya, tanrının ölkəmizə bəxş etdiyi sərvətlər bəzi dövlətlərin maraqları ilə üst-üstə düşmür. Bu baxımdan Azərbaycan və xalqımız bir sıra problemlər yaşamaq məcburiyyətində qalıb. Lakin tarixi torpaqlarımıza səfər edən xarici nümayəndələr Cocuq Mərcanlının simasında ölkəmizin qarşı həyata keçirilən haqsızlıqları öz gözləri ilə görməklə düşmənə qarşı münasibətlərini də dəyişmiş olurlar".

Bu yaxınlarda Litvanın Ermənistanın üzərindən Dağlıq Qarabağa səfər edən iki jurnalistinin Azərbaycan dəvət edildiyini deyən Mətbuat Şurasının sədr müavini qeyd edib ki, həmin jurnalistlər səfər zamanı Tərtər, Ağdam, Fizuli, sərhəd bölgələrində dağıdılmış kəndlərlə tanış olub, oradakı insanlarla münasibətdə olublar: "Bu səfərdən sonra həmin jurnalistlər sözügedən ərazilər haqqında onlarla reportaj hazırladılar və həqiqətləri görmək üçün onlara şərait yaradıldığına görə minnətdarlıqlarını bildirdilər. Bu baxımdan xarici jurnalistlərin həm Cocuq Mərcanlıya, həm də digər ərazilərimizə səfərlərini bizim üçün çox böyük önəm daşıyır".

Bütün xəbərlər Facebook səhifəmizdə