Azərbaycan diplomatiyası müasir mərhələdə bir neçə əsas məqsəd güdür – ölkənin beynəlxalq arenada mövqeyini möhkəmlətmək, Ermənistan – Azərbaycan münaqişəsinin nizamlanma yollarını axtarmaq. Azərbaycan Xəzər – Qafqaz regionunda mühüm oyunçudur. MDB-də yeganə uğurlu çoxvektorlu xarici siyasət aparan dövlət nümunəsidir. Praktik olaraq, keçmiş SSRİ respublikalarından heç birinə eyni zamanda həm Rusiya ilə, həm Avropa İttifaqı və ABŞ ilə, həm də İsrail və İranla bərabər münasibət qurmaq müyəssər olmamışdır.
Xarici siyasətdə ayrı – ayrı dövlətlər ilə ikitərəfli münasibətlər ilə yanaşı, müxtəlif təşkilatlar ilə münasibətlər də prioritet istiqamətlər sırasındadır. Bu ay Müstəqil Dövlətlər Birliyinin 25 yaşı tamam oldu. Birlik Azərbaycan üçün hər zaman aktuallığını və prioritetliyini saxlayır. SSRİ-nin dağılmasından dərhal sonra keçmiş sovet respublikalarının Avropaya inteqrasiyasının qarşısını almaq məqsədiylə Rusiyanın başçılığı altında yaradılan bu birlik başlanğıcda siyasi məqsədlər güdsə də sonradan öz formatını bir qədər dəyişdi.
Böyük imperiyalar dağıldıqdan sonra müstəmləkəçi dövlətlər ilə müstəmləkələr arasında uzunmüddət ərzində qeyri – siyasi əlaqələr çərçivəsində möhkəm bağlar davam edir . SSRİ dağılanda vahid sovet iqtisadiyyatı deyilən bir anlayış var idi. Məsələn, İngiltərə müstəmləkəsi dağılandan sonra bu dövlətin monarxı ətrafında həmin imperiyaya daxil olan dövlətlərin "birliyi" yarandı. Keçmiş ölkələrin iqtisadiyyatı Rusiya iqtisadiyyatı ilə sıx bağlanmışdı və onların yaşaması üçün münasibətlərin saxlanılması vacib idi. Buna görə də MDB adlı bir qurum yaradıldı.
Müstəqil Dövlətlər Birliyi 1991 – ci ilin dekabrın 8 də SSR nin dağılacağının qaçılmazlığına əmin olan Rusiya, Ukrayna və Belorusun rəhbərləri – B.Yeltsin, L.Kuçma və S.Şuşkeviç tərəfindən imzalanan "Belovejsk sazişi" əsasında qurulub. Bu dövlətlər SSRİ-nin dağılmasının labüdlüyünü anlayır və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu təşkil etdilər. Həmçinin MDB SSRİ-nin "mədəni dağılmasını", onun mülklərinin keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi. 1991-ci il 21 dekabr tarixində prezidentlərin iştirakı ilə Alma - Atada keçirilmiş görüşdə ölkəmiz Belovejsk sazişinə qoşuldu. Azərbaycan Parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu. Avropaya birdəfəlik inteqrasiya istiqamətini seçmiş Baltikyanı dövlətlər isə MDB yə heç vaxt üzv olmadılar. Gürcüstana gəldikdə isə, bu ölkə 2008-ci ilin avqust ayından, yə ni məlum Rusiya – Gürcustan arasında baş vermiş hadisələrdən sonra MDB-ni tərk etmişdir. Ukrayna 2014- il dən təşkilatın üzvü deyil. Orta Asiyada öz neytral siyasəti ilə seçilən Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir.
MDB – nin əsas məqsədləri sırasına iqtisadi, siyasi, hümanitar, ekoloji, mədəni sahələrdə əməkdaşlıq daxildir. Miqrasiya siyasəti məsələləri və mütəşəkkil cinayətkarlıqla mübarizə, elmi və mədəni əməkdaşlıq kimi sahələrdə MDB nin rolu böyükdür.
MDB mahiyyət etibariylə həm də dövlət başçılarının görüşlərinin keçirildiyi və onlara öz mövqelərini bir – birinə çatdırmağa imkan verən bir klubdur. Beləliklə, bu gün də Azərbaycan - MDB əlaqələri inkişaf edir. Respublikamız keçmiş sovet respublikaları ilə ikitərəfli münasibətlərlə yanaşı, həmçinin MDB çərçivəsində bu dövlətlərlə çoxtərəfli əməkdaşlığa böyük önəm verir.
Azərbaycanın MDB ilə əməkdaşlığında iqtisadi maraqların təmini mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası bir sıra MDB ölkələri ilə azad ticarət rejimini yaradıb. MDB ölkələri ilə iqtisadi, siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrinin qurulması, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması işləri uğurla həyata keçirilməkdədir. Bizim MDB və ona daxil olan ölkələrlə müxtəlif sahələrdə əlaqələrimiz mövcuddur. Biz bu beynəlxalq təşkilatın tədbirlərində, görüşlərində fəal iştirak edirik. Azərbaycanın MDB-yə üzv olması nəticəsində şimal qonşumuz olan və azərbaycanlıların çox yaşadığı Rusiyaya vizasız gedib-gəlmək imkanımız yaranıb.
Lakin, etiraf etmək lazımdır kı, bu 25 il ərzində Rusiyanın keçmiş SSR məkanında apardığı "təhdid siyasəti" nəticəsində ayrı – ayrı illərdə təşkilata üzv dövlətlər tərəfindən MDB nin müxtəlif iclasları gözardına vurulmuşdur. Azərbaycanın da MDB dən çıxması kimi tələblər ara – sıra müxtəlif ictimai – siyasi xadimlər tərəfindən müzakirə predmetinə çevrilir. Etiraf etmək lazımdır kı, MDB dən çıxmaq və Rusiya ilə münasibətləri soyutmaq indiki halda ölkəmiz üçün məqbul deyildir. MDB və digər beynəlxalq, regional təşkilatlarin tribunalarından rəsmi Bakı Ermənistanın işğalçı siyasətinin acı nəticələri haqqında üzv dövlətlər arasında mütamadi olaraq təbliğat aparır. Bunun da göstəricisidir ki, bugün MDB ölkələrinin hər biri, hətta xristian – slavyan blokuna aid olan ölkələr Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin yanında yer almışlar.
MDB-nin daxili problemləri olduqca genişdir . MDB beynəlxalq aləmdə Avrasiya subregional inteqrasiya təşkilatı kimi tanınsa da, beynəlxalq münasibətlər və hüquq sistemində öz vahid səsi, yeri və rolu olan qurum- hüquqi şəxs statusu ilə tanına bilməyib.
Siyasi elmlər namizədi, politoloq Zaur Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB