İntiqam Babayev: “İlham Əliyev gənclərə əsl vətəndaş olaraq baxır” AÇIQLAMA

İntiqam Babayev: “İlham Əliyev gənclərə əsl vətəndaş olaraq baxır” AÇIQLAMA

"Ümumiyyətlə, Azərbaycanda dövlət gənclər siyasəti bilavasitə Ulu Öndər Heydər Əliyevin ideyaları, gənclərə yönəlmiş arzu və istəkləri əsasında formalaşıb". Bunu SİA-ya Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Nazir müavinin sözlərinə görə, bu əsas ideya isə ondan ibarət idi ki, ölkə gəncləri, müstəqil dövlətdə yaşayan gənclik, yeni nəsil tərbiyə olunsun və formalaşsın: "Bununla da vətənpərvər, öz milli-mədəni irsinə sahib çıxan, geniş dünyagörüşünə malik, fiziki sağlam, əqidəli bir nəsil tərbiyə edilsin. Düşünürəm ki, bu gün biz geriyə baxdıqda tam əminlikdə deyə bilərik ki, Ümumilli Liderin arzuları, ideyaları gerçəkləşib. Bu gün ölkəmizin müstəqillik yaşı qədər, eləcə də lap cavan bir nəsil formalaşıb. Bu gün dövlət gənclər siyasəti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə yeni uğurlarla davam etməkdədir. Təbii ki, qarşımızda yeni vəzifələr durur.

Bu gün ölkə rəhbərinin apardığı dövlət siyasəti çərçivəsində yenə də gənclərin inkişafı əsas prioritet istiqamətlərdən biridir. Bu illər ərzində ölkə Prezidenti tərəfindən imzalanmış müvafiq fərman və sərəncamlarla gənclərin bilavasitə inkişafına, gənclər arasında peşəkar kadrların formalaşmasına və onların idarəetmədə, seçkili orqanlarda təmsil olunmasına şəraitin yaradılmasına, eyni zamanda gənclərin elmə həvəsləndirilməsinə, potensiallı gənclərin ortaya çıxması üçün şəraitin yaradılması istiqamətində bir sıra qanun və dövlət proqramları təsdiq olunub. Bunların içərisində mən xüsusilə Azərbaycan Gənclərinin İnkişaf strategiyasını qeyd etmək istərdim. Həmin strategiya 2015-2025-ci illəri əhatə edir. İlk dəfə olaraq bu,10 illik bir müddəti əhatə edən çox geniş, əhatəli bir dövlət sənədidir. Biz bu illər ərzində gənclərimizin inkişaf mərhələlərinin istiqamətlərini, hədəflərini bu sənəddə görürük. Eyni zamanda bir neçə Azərbaycan gəncliyi adlı dövlət proqramları qəbul edilib və yeniləri də artıq işlənilib. Digər müvafiq sərəncamlarla da bu və ya digər şəkildə yaradıcı gənclər dəstəklənib.

Hətta gözəl bir ənənə var ki, hər il 2 fevral - Gənclər günündə cənab Prezident İlham Əliyev müvafiq qaydada bir qrup peşəkar, ictimai fəal yaradıcı gənclərlə görüşür, onlarla fikir mübadiləsi aparır və daha çox şərait yaradır ki, gənclər öz fikirlərini, mövqelərini bildirsinlər. Xüsusilə də bu il Azərbaycan Gənclər Forumunun 20 illiyi ilə əlaqədar cənab Prezident gənclərlə görüşündə təkcə gənclər saəviyyəsində olan, gəncləri narahat edən məsələlərə toxunmadı. O görüşdə daha geniş, geosiyasi məsələlərə, dünyada baş verən proseslərə, iqtisadi islahatlara və s. toxunuldu. Bu nə deməkdir? Bu o deməkdir ki, ölkə başçısı gənclərə etimad göstərir, onlara inanır və gənclərə əsl vətəndaş olaraq baxır. Bu gün Azərbaycanda yeni iqtisadi islahatlar həyata keçirilməkdədir. Baxmayaraq ki, bugün dünyada biz onun şahidiyik ki, həm siyasi müstəvidə, həm də millətlərarası münasibətlər sistemində münaqişələr, siyasi xaos, terrorizm inkişaf edir, iqtisadi tənəzzül baş qaldırır amma bütün bunlara baxmayaraq Azərbaycan dünya üçün həm ictimai stabilliyi baxımından, həm iqtisadi inkişafı davametmə baxımından, həm də milli-dini zəmində dözümlülük baxımından dünya üçün nümunəvi olan bir dövlətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə