Amerikalı hərbçilər bəyan ediblər ki, onlar hərbi təlimlər məqsədi ilə istifadə etdikləri ərazini Yaponiya geri qaytarmağa hazırdırlar. Belə ki, dörd min hektarlıq ərazi dekabrın 22-də rəsmi şəkildə geri qaytarılacaq. SİA xəbər verir ki, bu barədə Yaponiyanın Kiodo agentliyi yazır. Qeyd olunur ki, 1972-ci ildə Okinavanın Yaponiyaya qaytarılmasından sonra qaytarılacaq növbəti torpaq həmin ildən sonra ən böyük ərazilərdəndir. Torpaq 1996-cı ildə imzalanmış yeni ABŞ-Yaponiya anlaşması əsaslarına görə geri qaytarılacaq. ABŞ gələcəkdə də Yaponiya hökumətinə yerə qalan əraziləri qaytarmağı planlaşdırır.
Məlumatda bildirilir ki, ərazilərin qaytarılmasından sonra orada altı helikopter meydançaları tikiləcək və onlar eyni zamanda "Osprey" Amerika konvertoplanlarına xidmət edəcək. Bununla belə, Okinavanın qubernatoru Takesi Onaqa "Osprey"in prefekturadan uzaqlaşdırılaraq kənarda fəaliyyət göstərməsinə çalışır. Çünki bir müddət öncə ABŞ-a məxsus hərbi təyyarələrdən biri Okinava sahilləri yaxınlığında qəzaya uğrayaraq, yerli sakinlərin həyatlarına təhlükə yaratmışdı. Bundan sonra helokopter meydançalarının tikintisi 2007-ci ildən etibarən dondurulmuşdu. Lakin bu yaxınlarda tikintiyə yenidən start verilib.
Bu arada yerli sakinlər 4 min hektar ərazinin geri qaytarılmasını yetərli hesab etmirlər. Okinavada yaşayan yaponlar orada amerikalı hərbçilərin yerləşməsinə qarşı çıxaraq, etiraz mitinqləri keçirirlər.
Amerikalı hərbçilərin jestlərinə baxmayaraq, ABŞ hərbi bazalarının Yaponiyada qalması gündəmdən çıxmayıb və orada 70 % hərbçilərin yerləşməsi davam edəcək. Ümumilikdə adada 30 minə yaxın amerikalı hərbçilər, onların ailələri, eləcə də mülki işçilər yaşayır.
Okinava ABŞ tərəfindən 1945-ci ildə işğal edilib və 1972-ci ilə qədər Vaşinqtonun idarəçiliyi altında qalıb. Həmin ildə ada müəyyən şərtlər altında yaponlara geri verilib. Şərtə görə, Amerika bazalarının 18 faizi ABŞ-ın suveren ərazisi kimi qalmalıdır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB