Almaniya səfiri Şəki və Zaqatalaya səfər edib

Almaniya səfiri Şəki və Zaqatalaya səfər edib

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab 12-13 dekabr tarixlərində Şəki və Zaqatalaya səfər edib. SİA-ya Almaniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfərin əsas mövzuları iqtisadiyyat və ətraf mühitlə bağlı məsələlər, eləcə də Almaniya tərəfindən maliyyələşən layihələrə baxış olub.

Səfir Kindsqrab baş nazirin müavini Abid Şərifovun rəhbərliyi altında alman İnkişaf Bankı tərəfindən maliyyələşən "Gəncə və Şəkidə su təchizatı, kanaliyasiya və çirkab suyun emalı" layihəsinin müzakirəsinə həsr olunmuş rəhbər komitə iclasında iştirak edib. Kindsqrab baş nazirin müavininə bu mürəkkəb və eyni zamanda mühüm layihəyə göstərdiyi güclü dəstəyə görə təşəkkürünü bildirib. Şəki şəhər icra başçısı Elxan Usubovla keçirilən görüşdə bölgənin, xüsusilə kənd təsərrüfatı və turizm sahələrində iqtisadi potensialı əsas müzakirə mövzuları olub. Səfir şirkətlərin iqtisadiyyatın şaxələndirilməsi sahəsində cəhdlərini yüksək qiymətləndirib və Almaniya-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu xüsusi qeyd edib. O, şəhərin su və kanalizasiya qurğularının yenilənməsi ilə bağlı aparılan tikinti işləri tanış olub, Şəki İpək fabrikində və 18-ci əsrdə tikilmiş Şəki Xan sarayında olub.

Səfir Zaqatalada icra başçısı Mübariz Əhmədzadə ilə görüşüb və ətraflı müzakirə aparıb. Alman inkişaf əməkdaşlığının dəstəyilə ilə həyata keçirilən "Zaqatala-Balakən biomüxtəliflik layihəsi"nə baxış qorunan ərazilərin yaxınlığında yaşayan insanların müasir istifadə etmə konseptinə böyük maraqlarının olduğunu aydın göstərib. İcma nümayəndələri ilə müzakirə göstərib ki, layihə tərəfdaşları öz yanaşmaları ilə ətraf mühit və təbiəti qoruma sahələrində aidiyyatı olan hər kəsin qazanc əldə edəcəyi düzgün istiqamətdədirlər. Zaqatalaya səfərin sonunda səfir Kindsqrab fındıq və tütün zavodlarında olub.

M. Kindsqrab (1964) 2016-cı ilin avqust ayından Almaniya Federativ Respublikasının Bakıdakı səfiridir. Səfir Kindsqrab diplomatik fəaliyyəti çərçivəsində müntəzəm olaraq ölkənin bölgələrinə rəsmi səfərlər hayata keçirir/

Bütün xəbərlər Facebook səhifəmizdə