"Ərdoğanın Suriya açıqlaması Ankaranın problemə baxışının yenidən dilə gətirilməsidir"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya ilə bağlı məlum açıqlaması, əslində Suriyada proseslər başlanandan indiyədək rəsmi Ankaranın problemə olan baxışının yenidən dilə gətirlməsidir". Bunu SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu deyib.
O bildirib ki, Türkiyə rəsmiləri proseslər başlanandan indiyədək olan dövr ərzində dəfələrlə problemin kökündə məhz Suriyadakı mövcud iqtidarın durduğunu bəyan ediblər: "Sadəcə olaraq son zamanlarda İŞİD faktorunun qabardılması, eləcə də, Türkiyənin ətrafında cərəyan edən hadisələr rəsmi Ankaranı müvəqqəti olsa da Əsədə münasibətdə bir qədər yumuşaq mövqe sərgiləməsinə səbəb oldu. Lakin hazırda Türkiyə, yenidən öz hədəflərini açıqlayır və Suriyadakı maraqlarını güzəştə getmək niyyətində olmadığını açıq mətnlə bütün dünyaya bəyan edir".
Ekspert Rusiya Türkiyə münasibətlərinin gərginləşəcəyini düşünmür: "Amma şübhəsiz ki, bu açıqlama Rusiya ilə Türkiyənin bir daha Suriya məsələsinə baxışlarını biri-biriləri üçün konkretləşdirmələrinə səbəb olacaq. Rusiyanın Türkiyə siyasəti həm iqtisadi, həm də siyasi maraqlar üzərində qurulan mürəkkəb toru xatırladır. Onların biri-birindən xoşu gəlmir, lakin bəlli prinsipial məqamlarda manevr etmək üçün biri-birilərindən kənarda da dura bilmirlər. Türkiyəyə Rusiya, hazırki dönəmdə qaz qiymətlərini aşağı salmaq və eləcə də ticari dövriyyəni artırmaq üçün lazımdır. Rusiya eyni zamanda Qərblə manevr etmək üçün Ankaranın zamanla istifadə etməyə çalişdiğı prinsipial alternativdir. Avropa Birliyinin qəbul etdiyi son məlum qərardan sonra Ankaranın indi buna ehtiyacı var. Qərb AKP hökümətinə bir o qədər loyal deyil. Separatçılara endirilən zərbələr də, müttəfiqləri bir o qədər razı salmır, onlar əsas hədəf olaraq İŞİD üzərində israr etməkdədirlər. Qərbin müəyyən narazılıqları, eləcə də iqtisadi geriləmələr (lirə dollar məzənnəsi əslində az şey deyil) Moskvanın əhəmiyyətini artırmaqdadır. Rusiyaya isə Türkiyə bir bazar olaraq maraqlıdır və eləcə də bu ölkə vasitəsi ilə həm Şərqə, həm də Qərbə açılmaq mümkündür. Türkiyə Rusiya üçün isti dənizlərə bir qapıdır, bu bəlkə də ən önəmli faktorlardan biridir. Məhz bu səbəb Türkiyəni Rusiya üçün prinsipial dərəcədə əhəmiyyətli edir. Və Moskva az qala hər şey etməyə hazırdır ki, Ankaranı, Avrasiya İttifaqına doğru bir neçə addım olsa belə yaxınlaşdırsın. Moskva eyni zamanda Türkiyəni Şanxay Əməkdaşlıq Təşkilatının da ən vacib tərəfdaşı olaraq görmək arzusundadır. Rusiyanın Türkiyədən almağa niyyətli olduğu daha bir strateji məqam – "Türk axınıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB