Hikmət Babaoğlu: “ABŞ-ın mövqeyi əvvəlkindən çox da fərqlənməyəcək” AÇIQLAMA
"Trampın prezident seçilməsi ABŞ-ın xarici siyasətində kordinal dəyişikliklər yaratmayacaq. Hakimiyyətinin ilkin mərhələsində ən müxtəlif istiqamətlərdə manevr edərək yeni dünya siyasəti yaratmağa cəhd etsə belə bu o qədər də asan olmayacaq". SİA-nın məlumatına görə, bu barədə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, hələ Trampın əsaslı dəyişikliklər üçün ciddi cəhdlər edib-etməyəcəyini də bəri başdan əminliklə söyləmək mümükün deyil: "Donald Tramp seçki kampaniyasında bir sıra radikal bəyanatlar verərək xarici siyasətdə ciddi dəyişikliklər edə biləcəyi ilə bağlı siqnallar vermişdi. Məsələn, onun çox maraq doğuran fikirlərində biri hamı ilə dost olmaq və başqa ölkələrdə qanuni seçilmiş hakimiyyəti devirməklə bağlı ənənəyə son qoyacağı ilə bağlı idi. Bu fikir nədənsə lazımi qədər diqqət cəlb etmədi. Halbuki, olduqca maraqlı etiraf idi və ABŞ-ın xarici siyasətini obyektiv şərh etmək üçün çox yaxşı və etibarlı mənbə idi. Ya da İŞİD-i Obama və Klintonun yaratması ilə bağlı fikirləri düşünürəm ki, son dövr beynəlxalq münasibətlər sistemində nələrin baş verdiyini və niyə baş verdiyini çox yaxşı izah edirdi. Ancaq transmilli media fikirlərə lazımi diqqət göstərmədiyi yaxud onların ətrafında ciddi müzakirələr açmadığı üçün milli medialarda da sensasion xəbərə çevrilmədi. Burada bir daha transmilli medianın və internet informasiya resurslarının kimlər tərəfindən idarə olunduğu tam çılpaqlığı ilə ortaya çıxdı".
Millət vəkili əlavə edib ki, Trampın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində oynaya biləcəyi rolu da məhz bu reallıqlar kontekstində yəni ABŞ-ın ümumi Avrasiya siyasəti kontektində qiymətləndirsək daha obyektiv fikir söyləyə biləcəyimizə inanıram: "Bunun üçün tələsməmək, xarici siyasətdə atılacaq ilkin addımları müşahidə etmək lazımdır. Baxaq görək Tramp ABŞ-ın dövlət maşının iradəsinə rəğmən hansısa bir addımı ata biləcəkmi. Düşünürəm ki, yalnız bundan sonra biz Trampın xarici siyasətini və Dağlıq Qarabağ probleminin həllinə münasibətinin necə ola biləcəyini təhlil edə bilərik. Hazırda isə bunu əsaslı şəkildə şərh etmək üçün əlimizdə kifayət qədər material yoxdur. Ümumi yanaşma isə tənqidə dözməyən fikirlər söyləməyimizə səbəb ola bilər. Yalnız onu deyə bilərik ki, bu məsələdə ABŞ-ın mövqeyi əvvəlkindən çox da fərqlənməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB