“Avropa Gənclər Paytaxtı Gəncə”

Bu gün "Gənclərin Elmi Araşdırmalarına Dəstək" (GEAD) İctimai Birliyinin ingilis dilində tərtib etdiyi "Avropa Gənclər Paytaxtı Gəncə" adlı kitabın təqdimatı keçirilib.

SİA-nın məlumatına görə, GEAD İctimai Birliyi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun 18.12.2015-15.01.2016-cı il tarixləri müddətində elan olunmuş 8-ci qrant müsabiqəsində "Gəncə keçmişin mirası gələcəyin mədəniyyət nümunəsi kimi" adlı layihəsi ilə iştirak edib və qrant müsabiqəsinin qalibi olub. 28 aprel 2016-cı il tarixində tərəflər arasında müəyyən edilmiş şərtlər əsasında müqavilə imzalanmış və layihənin icrasına başlanıb.

Təqdim edilmiş icra planına uyğun olaraq, layihənin əsas hissəsi uğurla həyata keçirilmiş və icra planının son mərhələsi (layihənin ictimaiyyətə təqdimatı mərhələsi) başlanıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması və Gəncə şəhərinin 2016-cı il "Avropa Gənclər Paytaxtı" seçilməsi ilə bağlı video çarxın nümayişi ilə başlanıb. Tədbiri giriş sözü ilə açan GEAD İctimai Birliyinin sədr müavini Mahir Həmidov ictimai birliyin fəaliyyəti və icra etdiyi layihələrlə bağlı məlumat verərək sözü digər rəsmilərə verib.

Tədbirdə ilk çıxışı edən ev sahibi qurumun rəsmisi Bakı Avrasiya Universitetinin Elm və Tərbiyə işləri üzrə prorektoru Gülzar İbrahimova qədim mədəniyyət beşiyimiz olan Gəncə şəhərini əcnəbilərə tanıtdıran belə bir kitabın hazırlanmasının böyük əhəmiyyət kəsb etməsindən danışıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi dövlətimizi, eləcə də, Gəncəmizi dünyada tanıtmaq baxımından belə bir kitabın ərsəyə gətirilməsinin dövlətçiliyimiz baxımından ciddi bir addım olduğunu qeyd edib.

Sonrakı çıxış isə icra olunan layihənin donor təşkilatı qismində iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi olub. O, çıxışında təmsil etdiyi qurumun fəaliyyəti və Azərbaycan Respublikası Prezidentinin "Gənclər siyasəti proqramı" ilə bağlı apardığı işə dəstəyindən, eləcə də, "GEAD" İctimai Birliyinin fəaliyyəti haqqında qısaca olaraq məlumat verib.

"GEAD" İctimai Birliyinin təmsilçisi Mahir Həmidov bu kitab vasitəsi ilə xaricdə Gəncənin Avropada tanınması və təbliğatı, xaricilərə Gəncənin tarixi keçimişi, arxitekturası, tarixi abidələri, mətbəxi haqqında məlumatlandırılması nəzərdə tutulduğunu qeyd edib. M.Həmidov layihə çərçivəsində ingilisdilli oxucuların Gəncə şəhərinin tarixi-memarlıq abidələri, muzey və digər turistik əraziləri ilə yaxından tanış olacağı, gəncəlilərin adət-ənənə və mədəniyyətləri haqqında məlumat əldə edəcəklərini qeyd edib.

Qeyd etmək lazımdır ki, layihə çərçivəsində sözügedən kitabın təqdimatı İtaliya (Roma) və Almaniyada (Berlin) da keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə