Putin: “Ümidvarıq ki, partnyorlarımız öz sözlərində duracaqlar”

Putin: “Ümidvarıq ki, partnyorlarımız öz sözlərində duracaqlar”

Rusiya prezidenti Vladimir Putin Almaniya və Fransa liderləri ilə Berlində keçirilən görüşün təfərrüatları barədə jurnalistlərə açıqlamasında bəyan edib ki, onun ölkəsi Suriya ərazilərində aviazərbələrin endirilməsində fasilə verə bilər. Lakin bir şərtlə ki, onlar Hələbdə terror qruplaşmalarının fəallıqları ilə qarşı-qarşıya gəlməməlidirlər. SİA-nın xəbərinə görə, Putin vurğulayıb ki, amerikalı partnyorlarımızın öz sözlərində duracaqlarına və "Cəbhət ən-Nüsra"nın, eləcə də "mülayim müxalifət" silahlılarının oradan çəkilmələri üçün çalışacaqlarına ümid edirik: "Ki, sonradan birgə işlərimizi davam etdirə bilək".

Qeyd edək ki, bu gündən etibarən, Suriyanın Hələb şəhərində atəşkəs elan olunub və bu müddətdə silahlılar tərəfindən, o cümlədən, mülki vətəndaşlardan olan xəstə və yaralılar atəş altında qalmış nöqtələrdən çıxarılacaqlar. Bu barədə Rusiyanın Baş qərargahının operativ idarəsinin rəisi, general-leytenant Sergey Rudskoy da bəyan edib. Bununla yanaşı, hərbçi bildirib ki, beynəlxalq təşkilatların çağırışları nəzərə alınaraq, bu müddət axşam saat 19:00-a qədər uzadılıb.

Bu arada Fransa prezidenti Fransua Olland da öz növbəsində baş verənlər barədə danışarkən, Hələbdəki situasiyanı "hərbi cinayət" adlandırıb və bu şəhəri "əzabkeş şəhər" kimi qiymətləndirib.

Lakin Parisdə Rusiyanın bir neçə saatlıq humanitar fasiləyə imkan verməsi mənasız adlandırılıb: "Biz, hələ ki, yaxın günlərdə hansı hadisələrin baş verəcəyi barədə dəqiq fikir deyə bilmərik. Bu atəşkəs bir neçə saatlıq ola bilməz, belə olan halda onun heç bir mənası yoxdur". Hazırda humanitar yardım vasitəsilə Hələbdəki müəyyən silahlıq qruplaşmaların şəhərdən çıxmalarına imkan verilməlidir".

Qeyd edək ki, Rusiya tərəfi bəyan edib ki, terrorçu hesab etdiyi silahlı qruplaşmalar və Qərbin "mülayim müxalifət" adlandırdığı tərəflər Hələbdən çıxmayacaqları halda onların tam məhvinə qədər hərbi əməliyyatları davam etdirmək niyyətindədir. Sözdə müxalifətçi olan silahlı qruplar və "Cəbhət ən-Nusra" terror təşkilatının üzvləri isə mülki əhalini canlı qalxan kimi istifadə edir. Nəticədə minlərlə insan atəş altında qalaraq həyatlarını itirir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə